Xüsusi kateqoriyadan olan vətəndaşlar nə qədər təqaüd alır?

Xüsusi kateqoriyadan olan vətəndaşlar

 Azərbaycan Respublikasında Prezident təqaüdləri və fəxri adlara görə təqaüdlər alan şəxslərin sayı və orta aylıq ödəniş məbləğləri açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, ümumilikdə 407 672 nəfər Prezident təqaüdü və müxtəlif kateqoriyalar üzrə təqaüd alır. Onlara bir nəfərə düşən orta aylıq məbləğ 164,72 manat təşkil edir.

Fəxri adlara görə təqaüd alanların sayı 4 673 nəfərdir. Bu kateqoriyada “Xalq” fəxri adına görə təqaüd alan 238 nəfərə orta hesabla 300 manat, “Əməkdar” fəxri adına görə təqaüd alan 4 435 nəfərə isə 200 manat ödənilir.

Fərdi Prezident təqaüdü alanların sayı 314 nəfər olub və onlara orta hesabla 1 700 manat aylıq ödəniş həyata keçirilir.

Şəhid ailələri üçün təqaüd alanların sayı 17 697 nəfərdir və orta aylıq məbləğ 448,12 manatdır. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər və onların ailə üzvləri üzrə 177 nəfər təqaüd alır və orta aylıq məbləğ 1 074,73 manat təşkil edir. Eyni sayda “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər və onların ailələri üçün orta aylıq ödəniş 1 706,21 manatdır.

20 Yanvar şəhidlərinin ailələri üzrə 83 nəfərə orta hesabla 636,75 manat, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına isə 8 nəfərə 330 manat təqaüd ödənilir.

1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 217 nəfərə orta aylıq 468,20 manat, Əfqanıstanda hərbi xidmətlə bağlı həlak olan və ya itkin düşən hərbi qulluqçuların ailələrinə isə 27 nəfərə 687,04 manat təqaüd verilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 19 181 nəfərdir və bu kateqoriyada orta aylıq təqaüd 475,96 manat təşkil edir. Bu qrupun tərkibində dövlətin ərazi bütövlüyü uğrunda əlilliyi müəyyən edilən 13 972 nəfər, hərbi xidmətlə əlaqədar əlilliyi olan 2 813 nəfər və Çernobıl AES hadisələri ilə bağlı əlilliyi olan 2 396 nəfər yer alır.

Müharibə veteranları üzrə ümumilikdə 183 087 nəfərə təqaüd verilir və orta aylıq məbləğ 80 manatdır. Bu kateqoriyada əsas hissəni Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 179 423 nəfər təşkil edir.

Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olan şəxslər üzrə 58 688 nəfərə 250 manat, gözdən əlilliyi olan 14 818 nəfərə isə 350 manat aylıq təqaüd ödənilir.

Bundan əlavə, ağır əlilliyi olan şəxslərə qulluq edən 63 518 nəfər və əlilliyi olan uşaqlara qulluq edən 43 050 nəfər üçün aylıq 120 manat məbləğində təqaüd müəyyən edilib.

Elmi müəssisələrdə uzunmüddətli fəaliyyət göstərmiş, elmi dərəcəsi olan və işləməyən şəxslər üzrə 1 957 nəfərə Prezident təqaüdü verilir. Bu kateqoriyada elmlər doktoru olan 256 nəfərə orta aylıq 500 manat, fəlsəfə doktoru olan 1 701 nəfərə isə daha aşağı məbləğdə təqaüd ödənilir.