20 may 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin (DİM) Vəzifələrin idarəedilməsi və ehtiyat kadrlarla iş sektorunun böyük məsləhətçisi Röyal Şərifov tərəfindən “Dövlət qulluğunda vəzifələrin və ehtiyat kadrların idarə edilməsi” mövzusunda seminar-təlim təşkil olunub. İnteraktiv formatda baş tutan təlimdə Qaradağ Rayon İcra Hakimiyyətinin aparatının məsul əməkdaşları iştirak ediblər.
Təlimin əsas məqsədi dövlət orqanlarında kadr potensialının gücləndirilməsi, inzibati vəzifələrin tutulması mexanizmlərinin təkmilləşdirilməsi və ehtiyat kadrlar bazasından səmərəli istifadə qaydalarının yerli icra hakimiyyəti orqanlarına çatdırılması olub.
DİM rəsmisi tərəfindən aparılan təlim prosesində dövlət qulluqçularını maraqlandıran və gündəlik fəaliyyətdə tətbiq olunan bir sıra mühüm hüquqi və texniki məsələlərə toxunulub:
-
Vəzifələrin tutulması mexanizmi: İnzibati vəzifələrin müsabiqə, ümumi müsahibə və daxili müsahibə əsasında tutulmasının qanunvericilik prinsipləri xatırladılıb, namizədlərə dair qoyulan spesifik tələblər izah edilib.
-
İxtisas uyğunlaşdırılması və tələblər: Müvafiq vəzifələr üzrə qulluq funksiyalarının düzgün müəyyən edilməsi, müxtəlif illərdə təsdiq edilmiş ali təhsil ixtisaslarının cari dövlət qulluğu təsnifatına uyğunlaşdırılması cədvəli əsasında təhsil meyarlarının seçilməsi qaydaları diqqətə çatdırılıb.
-
Rəqəmsal idarəetmə: İştirakçılara kadr işinin tam elektronlaşdırılmasını təmin edən “Dövlət qulluğu - Vəzifələrin İdarə edilməsi Sistemi”ndən (VİS) praktiki istifadə qaydaları və müsahibə proqramlarının hazırlanması ilə bağlı normativ tələblər barədə ətraflı məlumat verilib.
Praktiki əhəmiyyət kəsb edən təlimin yekun hissəsində Qaradağ Rayon İcra Hakimiyyəti əməkdaşlarının idarəetmə sistemi, vakant yerlərin elana çıxarılması və ehtiyat kadrların qəbulu ilə bağlı çoxsaylı sualları DİM-in böyük məsləhətçisi tərəfindən ətraflı şəkildə cavablandırılıb.