Azərbaycanda əhalinin təbii artımı zəifləyir

Azərbaycanda əhalinin

Azərbaycan Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar–mart aylarına dair açıqladığı rəsmi göstəricilər ölkənin demoqrafik vəziyyətində mənfi dinamikanın davam etdiyini göstərir. Rəqəmlərin müqayisəsi təbii artımın zəiflədiyini, doğumların azaldığını, ölüm hallarının isə artdığını ortaya qoyur.

2025-ci ilin eyni dövrü ilə müqayisədə doğulanların sayı 22 119 nəfərdən 20 362 nəfərə düşüb, yəni 1 757 nəfərlik azalma qeydə alınıb. Eyni zamanda, ölənlərin sayı 14 172 nəfərdən 15 019 nəfərə yüksələrək 847 nəfər artıb. Nəticədə təbii artım 7 947 nəfərdən 5 343 nəfərə enib ki, bu da 2 604 nəfərlik ciddi azalma deməkdir.

Nikah göstəricilərində də kəskin geriləmə müşahidə olunur. Ötən ilin ilk rübündə 11 206 nikah qeydə alındığı halda, 2026-cı ildə bu rəqəm 8 203 olub. Bu isə 3 003 nikah azalma deməkdir. Boşanmalarda isə nisbətən azalma qeydə alınaraq 4 765-dən 4 614-ə enib.

Doğumların strukturuna baxdıqda, 2026-cı ilin ilk üç ayında 20 362 körpənin doğulduğu, onların 53,8 faizinin oğlan, 46,2 faizinin isə qız olduğu məlum olur. Eyni dövrdə 698 əkiz və 27 üçəm doğuşu qeydə alınıb ki, bu da çoxdöllü doğumların davam etdiyini göstərir.

Regional göstəricilər göstərir ki, doğum səviyyəsi ölkə üzrə orta göstəricidən fərqli olaraq bir sıra iqtisadi rayonlarda daha yüksəkdir. Şərqi Zəngəzurda doğum əmsalı 10,3, Dağlıq Şirvanda 10,2, Qarabağda 10,1, Lənkəran-Astarada 10,0, Mil-Muğanda 9,3, Şirvan-Salyanda 9,0, Mərkəzi Aranda 8,9, Qazax-Tovuzda 8,6, Quba-Xaçmazda isə 8,5 səviyyəsində qeydə alınıb. Xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında daha yüksək doğum göstəriciləri müşahidə edilir.

Ölüm göstəricilərində artım tendensiyası davam edir. 2026-cı ilin yanvar–mart aylarında 15 019 ölüm halı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 847 nəfər və ya 5,4 faiz artım deməkdir. Bu artım əhalinin təbii artım tempinə birbaşa mənfi təsir göstərir.

Nikah və boşanma nisbətləri arasındakı fərq də diqqət çəkir. Nikahların kəskin azalmasına baxmayaraq, boşanmaların yüksək səviyyədə qalması ailə institutunun sabitliyi ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Ümumilikdə, mövcud demoqrafik göstəricilər Azərbaycanda təbii artımın zəiflədiyini, sosial strukturda dəyişikliklərin sürətləndiyini və gələcək illərdə bu tendensiyanın davam etməsi halında daha ciddi demoqrafik çağırışların yarana biləcəyini göstərir.

MONETAR.AZ