BAKI, 22 may – AZƏRTAC
2026-cı ilin yanvar-aprel ayları üzrə Azərbaycanın sığorta bazarında şirkətlərin yığım dinamikası kəskin qütbləşmə ilə diqqət çəkir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bazarın bəzi iştirakçıları portfellərini əhəmiyyətli dərəcədə böyütdüyü halda, bir sıra aparıcı şirkətlərin yığımlarında ciddi geriləmə qeydə alınıb.
Bazar iştirakçıları arasında dinamika fərqlərini təhlil etdikdə, 15 sığorta şirkətindən 8-nin böyümə, 7-nin isə kiçilmə nümayiş etdirdiyi məlum olur.
Faiz nisbəti ilə ən yüksək artım dinamikası "Meqa Həyat Sığorta" ASC-də qeydə alınıb. Şirkət ötən ilin ilk dörd ayı ilə müqayisədə yığımlarını az qala iki dəfə – 91,30% (və ya 4,59 milyon manat) artıraraq 9,63 milyon manata çatdırıb. Ümumiyyətlə, həyat sığortası seqmentindəki böyümə tendensiyası əmək bazarındakı aktivləşmə və sosial sığorta mexanizmlərinə artan maraq fonunda özünü təsdiqləyir. Digər həyat sığortası iştirakçısı "Xalq Həyat" da portfelini 15,40% böyüdə bilib.
Dövlət dəstəkli aqrar sığorta mexanizmini tətbiq edən "Aqrar Sığorta" ASC isə siyahıda 26,10%-lik (2,45 milyon manat) artımla ikinci ən yüksək nisbi dinamikanı nümayiş etdirib. Bu rəqəmlər aqrar sektorda risklərin sığortalanması prosesinə fermerlərin cəlb edilməsinin sürətləndiyini göstərir.
Sığorta bazarında mütləq rəqəmlərlə ən böyük artımı ənənəvi olaraq "PAŞA" qrupuna daxil olan şirkətlər təmin edib. Təkcə bu iki şirkətin ümumi yığım artımı 41,8 milyon manatdan çox olub:
-
“Paşa Həyat Sığorta” ASC: +27,9 milyon manat (9,9% artım)
-
“Paşa Sığorta” ASC: +13,9 milyon manat (10,3% artım)
Bazarın digər iri oyunçularından “Atəşgah” Sığorta (7,8%) və “Atəşgah Həyat” (3%) isə portfellərində stabil böyüməni qoruyub saxlaya biliblər.
Hesabat dövrünün ən neqativ tendensiyası qeyri-həyat sığortası bazarında özünü göstərib. Bazarın 7 şirkətində yığımların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Ən ciddi geriləmə isə “Qala Sığorta” ASC-də qeydə alınıb. Ötən ilin yanvar-aprel aylarında 41 milyon manatdan çox sığorta haqqı toplayan şirkət, bu il yığımlarının yarıdan çoxunu itirib. Şirkətin yığımları 24,3 milyon manat (2,5 dəfə) azalaraq 16,7 milyon manata enib. Bu kəskin azalma şirkətin korporativ sığorta seqmentində iri müştərilərini və ya müqavilələrini itirməsi ehtimalından xəbər verir.
Dinamikasında ikirəqəmli kiçilmə müşahidə edilən digər şirkət isə “AzSığorta” ASC olub (-27,30% və ya 928 min manat). Eyni zamanda, bazarın orta və kiçik seqmentində yer alan “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “A-Qroup Sığorta Şirkəti”, “Qala Həyat” və “Meqa Sığorta” ASC-lərin portfellərində də 1,3% - 7,7% aralığında eniş qeydə alınıb.
2026-cı ilin ilk rübünün nəticələri göstərir ki, Azərbaycanın sığorta bazarında təmərküzləşmə prosesi davam edir; iri korporativ və həyat sığortası yığımlarını idarə edən şirkətlər mövqelərini daha da gücləndirir, digər şirkətlər isə artan rəqabət şəraitində bazar paylarını qorumaqda çətinlik çəkirlər.
MONETAR.AZ