Laqard: Hörmüz dərhal açılsa belə, inflyasiya dalğası qaçılmazdır

Laqard: Hörmüz dərhal açılsa belə, inflyasiya

Avropa Mərkəzi Bankının (ECB) prezidenti Kristin Laqard (Christine Lagarde) avrozona iqtisadiyyatını yaxın dövrdə gözləyən ciddi təhlükələrlə bağlı növbəti dramatik bəyanatını verib. Maliyyə nazirlərinin iclasından sonra mətbuata açıqlama verən Laqard, İran ətrafında alovlanan hərbi münaqişənin regional çərçivələri aşaraq Avropada qiymətlərin bahalaşmasını sürətləndirəcəyini vurğulayıb.

Baş bankirin sözlərinə görə, qlobal enerji zəncirinin əsas arteriyası olan Hörmüz boğazında blokada dərhal aradan qaldırılsa belə, Avropa iqtisadiyyatı müharibənin "gecikmiş təsirlərindən" (lagging effects) xilas ola bilməyəcək.

Kristin Laqard qeyd edib ki, böhranın siyasi yolla bu gün həll edilməsi belə, bazarlarda dərhal sabitləşmə yarada bilməz. Çünki tədarük zəncirlərində yaranan qırılmaların və dayanan logistik xətlərin əvvəlki normal vəziyyətinə qaytarılması üçün aylarla vaxt tələb olunur.

Kristin Laqard: "Münaqişənin dayandırılması və boğazın gəmiçiliyə açılması böhranın bitməsi demək deyil. Enerji daşıyıcılarının qiymətində artıq reallaşan sıçrayışlar istehsal və xidmət sahələrinə tam ötürülməyib. Bu fəsadlar iqtisadiyyata mərhələli şəkildə təsir edəcək və avrozonda inflyasiyanı yüksək saxlamaqda davam edəcək."

Müharibə fonunda Avropa İttifaqı icraçı orqanlarının avrozonada inflyasiya proqnozlarını cari il üçün 3%-ə qaldırmasına baxmayaraq, ECB rəhbəri əsas hədəflərindən geri çəkilməyəcəklərini bəyan edib. ECB qiymət sabitliyini təmin etmək üçün əlindəki bütün pul-kredit siyasəti alətlərindən (o cümlədən, zərurət yaranarsa faiz dərəcələrinin "ölçülü" şəkildə artırılmasından) istifadə edəcək. İnflyasiyanı orta müddətli dövrdə yenidən strateji 2% səviyyəsinə endirmək və qorumaqdır.

Analitiklər Laqardın bu sərt bəyanatını iyun ayında keçiriləcək növbəti ECB iclasında faiz artımı qərarının verilmə ehtimalını gücləndirən bir siqnal kimi qiymətləndirirlər.

MONETAR.AZ