Qlobal enerji təhlükəsizliyinin ən həssas nöqtəsi sayılan Hörmüz boğazında gəmiçiliyin iflic olması, dünya iqtisadiyyatını son onilliklərin ən ağır böhranı ilə üz-üzə qoyub. Bloomberg-in nüfuzlu enerji araşdırmaları mərkəzi Rapidan Energy Group-un son hesabatına istinadən yaydığı məlumata görə, əgər boğaz avqust ayına qədər blokadada qalarsa, qlobal iqtisadiyyat 2008-ci ilin "Böyük Resessiyası" (Great Recession) miqyasında kəskin geriləmə ssenarisi ilə qarşılaşacaq.
Fars körfəzini birbaşa dəniz bazarlarına bağlayan bu dar keçid, qlobal neft tədarükünün təxminən beşdə birini təmin edir və onun uzunmüddətli qapanması sənayedə "tələbatın dağılması" (demand destruction) ilə nəticələnə bilər.
Rapidan Energy analitikləri hadisələrin inkişafını iki əsas ssenari üzrə modelləşdirirlər. Hər iki halda bazarları ciddi qiymət təzyiqi gözləyir. Ekspertlərin əsas proqnozuna görə, boğazda gəmiçilik iyul ayında bərpa olunacaq. Bu halda yay aylarında Brent markalı etalon neftin bareli pik həddə – 130 dollara çatacaq. Qiymət artımı fonunda qlobal neft tələbatının sutkada orta hesabla 2,6 milyon barel azalacağı gözlənilir.
Əgər böhran uzanarsa, avqust və sentyabr aylarında yaranacaq kəskin təklif şokunu kompensasiya etmək üçün iqtisadiyyatların məcburi şəkildə neft istehlakını dayandırması prosesi başlayacaq. Bu isə 2026-cı ilin yekununda qlobal neft tələbatının illik ifadədə tamamilə mənfiyə düşməsinə səbəb olacaq ki, bu da dünya iqtisadi tarixində nadir hallarda rast gəlinən bir hadisədir.
Hesablamalar göstərir ki, boğazın açılması avqusta qədər gecikərsə, cari ilin üçüncü rübündə bazardakı xam neft çatışmazlığı həndəsi silsilə ilə artacaq.
Mövcud böhranı keçmiş neft şokları ilə müqayisə edən Rapidan ekspertləri qeyd edirlər ki, bugünkü makroiqtisadi vəziyyət 1973-cü il (OPEC embarqosu) və ya 2007-2008-ci illərdəki qədər struktur olaraq ekstremal deyil.
"Müasir dünya iqtisadiyyatlarının neftdən asılılıq dərəcəsi (enerji effektivliyi sayəsində) 1970-ci illərlə müqayisədə xeyli aşağıdır. Bundan əlavə, mərkəzi bankların monetar siyasət mexanizmləri bu gün daha çevik və dayanıqlıdır. Lakin bu güclü başlanğıc mövqeyi, neft qiymətlərindəki davamlı sıçrayışların maliyyə bazarlarındakı mövcud zəiflikləri tetikləməsi və qlobal resessiyaya yol açması riskini tamamilə sıfırlamır."
Analitiklər xəbərdar edir ki, hətta gəmiçilik avqustun əvvəlində bərpa olunsa belə, bazarlardakı qıtlıq hissi dərhal yox olmayacaq; əksinə, logistik zəncirdəki qırılmalar səbəbindən böhran sentyabr ayına qədər dərinləşməyə davam edəcək.
MONETAR.AZ