2026-cı ilin ilk 4 ayı (yanvar-aprel) üzrə Azərbaycan sığorta bazarında fəaliyyət göstərən şirkətlərin ödəniş və yığım nisbəti (zərərlilik göstəriciləri) məlum olub. Renkinqə əsasən, bəzi sığorta şirkətləri topladıqları vəsaitin böyük əksəriyyətini müştərilərə ödəniş kimi qaytardığı halda, bəzilərində bu göstərici minimum səviyyədədir.
Zərərliliyi ən yüksək olan şirkətlər:
Müştərilərə toplanan sığorta haqlarına nisbətdə ən çox ödəniş edən şirkət “Atəşgah Həyat” ASC olub. Şirkət yanvar-aprel aylarında topladığı 39,4 milyon manatın 34,7 milyon manatını sığorta ödənişlərinə yönəldib ki, bu da 88,10% kimi yüksək zərərlilik göstəricisidir. Yəni şirkət yığdığı hər 100 manatın 88 manatdan çoxunu geri ödəyib.
İkinci yerdə isə tibbi sığorta sahəsində ixtisaslaşan “A-Qroup Sığorta” ASC qərarlaşıb. Şirkətin ödəniş/yığım nisbəti 82,30% təşkil edib (5,4 milyon manat yığım, 4,45 milyon manat ödəniş). İlk üçlüyü 64,70%-lik göstərici ilə “Atəşgah” Sığorta Şirkəti ASC tamamlayır.
Bazarın nəhəngləri: Yığım və ödəniş həcminə görə mütləq liderlər
Faiz nisbətinə görə siyahının ortalarında qərarlaşsalar da, bazarın mütləq həcm liderləri “PAŞA” qrupunun şirkətləridir.
“Paşa Həyat Sığorta” ASC bu dövrdə fantastik yığım (309 milyon 834 min manat) və ödəniş (168 milyon 99 min manat) həyata keçirib. Şirkətin zərərlilik dərəcəsi isə optimallığını qoruyaraq 54,30% təşkil edib.
“Paşa Sığorta” ASC 149,4 milyon manat sığorta haqqı toplayıb və 52,5 milyon manat ödəniş edib. Qeyri-həyat sığorta bazarının liderinin zərərlilik göstəricisi 35,10%-dir.
Ən az ödəniş edənlər
Renkinqin son pillələrində, yəni topladığı vəsaitə nisbətdə ən az sığorta hadisəsi qeydə alınan (və ya ödəniş edən) şirkətlər bunlardır:
"Aqrar Sığorta" ASC 11,8 milyon manat yığıma qarşılıq cəmi 301 min manat ödəniş edib (2,50%). Aqrar sektorda mövsümlük amilinin və sığorta hadisələrinin ilin sonuna doğru rəsmiləşməsinin bu göstəricidə rolu böyükdür.
“İpək Yolu Sığorta” ASC 1 milyon 145 min manat sığorta haqqı toplasa da, heç bir sığorta ödənişi (0 manat) həyata keçirməyərək siyahını 0%-lik göstərici ilə tamamlayır.
Digər diqqətçəkən göstəricilər "Meqa Həyat Sığorta" (12%) və "Qala Həyat" (11%) sığorta şirkətlərinə məxsusdur. Hər iki şirkət kifayət qədər böyük yığım (müvafiq olaraq 9,6 mln və 8,8 mln manat) etsə də, zərərlilik dərəcələri bazar ortalamasından xeyli aşağı olub.
MONETAR.AZ