Smartfonu nə vaxt söndürməli, nə vaxt yenidən başlatmalı: qızıl qaydalar

Smartfonu nə vaxt söndürməli, nə vaxt yenidən başlatmalı:

Texnologiya nəşri SlashGear Android smartfonlarının performansı və batareya ömrünü qorumaq üçün cihazların nə vaxt yenidən başladılması (restart) və ya tamamilə söndürülməsi ilə bağlı vacib tövsiyələr paylaşıb. Məqalədə qeyd olunur ki, müasir smartfonlar daim aktiv qalmaq üçün dizayn edilsə də, fərqində olmadığımız bəzi "gizli" proseslər zamanla cihazın gücünü tükədir.

Telefonunuz aktiv istifadə olunursa, onun günlərlə açıq qalması tamamilə normaldır. Lakin cihazı tam söndürmədən, sadəcə yenidən başlatmaq aşağıdakı hallarda effektiv kömək edir:

  • Gizli yaddaşın təmizlənməsi: Günlər və ya həftələr ərzində arxa fonda (background) işləyən tətbiqlər və proseslər operativ yaddaşda (RAM) qalıqlar buraxır. Restart bu lazımsız prosesləri tamamilə sıfırlayır.

  • Donma və yavaşlamalar: Əgər telefonunuzda qəfil yavaşlama, tətbiqlərdən atma (crash) və ya donma qeydə alınırsa, dərhal yenidən başladın. Bu, cihazın sistem alqoritmlərini yenidən nizamlayaraq ilkin sürətini bərpa edir.

Ekspertlər bildirirlər ki, telefonu hər gün tam söndürməyə ehtiyac yoxdur. Lakin cihaz uzun müddət istifadə olunmayacaqsa (məsələn, bir neçə gün və ya həftə kənarda qalacaqsa), onu mütləq söndürmək lazımdır. Bu zaman batareyanın fiziki sağlamlığını qorumaq üçün kritik bir şərt var: uzun müddət istifadə etməyəcəyiniz telefonu tam boş (0%) və ya tam dolu (100%) vəziyyətdə söndürüb saxlamayın. Batareyanın səviyyəsini ən azı 50% civarında saxlayın və yalnız bundan sonra cihazı tam söndürün. Bu, litium-ion elementlərinin deqradasiyaya uğramasının (köhnəlməsinin) qarşısını alır.

Məqalədə fərqli cihazların iş prinsiplərinə də toxunulub. XDA Developers mütəxəssislərinin fikrincə, Android smartfonlardan fərqli olaraq, Windows əməliyyat sistemi ilə işləyən kompüterlərin daha böyük və mürəkkəb keş (cache) yaddaş faylları yığılır. Bu səbəbdən PC və noutbukların gündə bir dəfə söndürülməsi və ya yenidən başladılması sistemin gümrah qalması üçün daha kritik əhəmiyyət daşıyır.

MONETAR.AZ