Bu sığorta növünə maraq demək olar ki, yoxdur

Bu sığorta növünə maraq

Azərbaycanda ən zəif inkişaf edən sığorta istiqamətlərindən biri qarışıq maliyyə risklərinin sığortası olaraq qalır.

2026-cı ilin yanvar-aprel aylarında bu sığorta növü üzrə cəmi 1 min manat sığorta haqqı toplanıb, sığorta ödənişi isə ümumiyyətlə qeydə alınmayıb. Eyni vəziyyət işin dayanması ilə bağlı risklərdən sığorta seqmentində də müşahidə olunub. Bu sahə üzrə də yığımlar cəmi 1 min manat təşkil edib və heç bir ödəniş həyata keçirilməyib.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanda biznes subyektləri hələ də maliyyə risklərinin sığortalanmasına kifayət qədər maraq göstərmir. Xüsusilə şirkətlərin fəaliyyətinin dayanması, gəlir itkisi və ya maliyyə zərərləri ilə bağlı risklər üzrə sığorta alətlərindən istifadə çox aşağı səviyyədə qalır. 

Sahibkarların böyük hissəsi bu növ sığortaların üstünlükləri barədə kifayət qədər məlumatlı deyil. Digər tərəfdən, bazarda bu məhsullara tələbin zəif olması sığorta şirkətlərinin də istiqamətə marağını məhdudlaşdırır.

İnkişaf etmiş ölkələrdə maliyyə risklərinin sığortası biznesin davamlılığında mühüm rol oynayır. Azərbaycanda isə bu seqment hələ formalaşma mərhələsindədir və bazarın ən zəif sahələrindən biri hesab olunur.

MONETAR.AZ