Qazaxıstan Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarının bir hissəsindən istifadə edərək kriptoaktivlərə investisiya etmək üçün 350 milyon dollaradək portfel formalaşdırıb. Bu barədə tənzimləyicinin rəhbəri Timur Suleimenov Reuters agentliyinə bildirib.
Onun sözlərinə görə, hazırda investisiya ediləcək maliyyə alətlərinin siyahısı hazırlanır.
“Biz hazırda investisiya edəcəyimiz alətlərin siyahısını formalaşdırırıq. Buraya yalnız kriptovalyutaların özü daxil deyil”, deyə o qeyd edib.
Suleimenov bildirib ki, portfelə aşağıdakı aktivlər daxil ola bilər: kriptovalyuta və rəqəmsal maliyyə aktivləri ilə bağlı yüksək texnologiya şirkətlərinin səhmləri, indeks fondları, kriptoaktivlərə bənzər dinamikaya malik digər maliyyə alətləri.
Mərkəzi bank sədrinin müavini Aliya Moldabekova isə bildirib ki, investisiyalara aprel–may aylarında başlanacaq.
Onun sözlərinə görə, əsas diqqət birbaşa kriptovalyutalara deyil, rəqəmsal aktivlər sahəsində fəaliyyət göstərən şirkətlərə yönəldiləcək:
“Biz birbaşa kriptovalyutalara böyük həcmdə investisiyadan danışmırıq. Hazırda rəqəmsal aktivlər sahəsində çalışan şirkətləri məsələn, kriptoinfrastrukturla məşğul olan şirkətləri seçirik.”
Rəsmi məlumatlara görə, 1 fevral tarixinə Qazaxıstan Mərkəzi Bankının qızıl-valyuta ehtiyatları 69,40 milyard dollar, ölkənin Milli Fondunun aktivləri isə 65,23 milyard dollar təşkil edib.
MONETAR.AZ