Türkiyə 2026-cı ildə inflyasiyanın 28,4%-ə qədər azalacağını proqnozlaşdırır

Türkiyə 2026-cı ildə inflyasiyanın 28,4%-ə qədər

Türkiyə hökuməti 2026-cı ilin sonuna inflyasiyanın 28,4%-ə qədər azalacağını, 2027-ci ildə isə 21%-ə enəcəyini proqnozlaşdırır. Rəsmi proqnoza əsasən, ölkədə inflyasiyanın 2029-cu ilə qədər birrəqəmli səviyyəyə düşəcəyi gözlənilir. Bu barədə vitse-prezident Cevdet Yılmaz yenilənmiş Orta Müddətli İqtisadi Proqramı təqdim edərkən bildirib.

Yenilənmiş proqramda hökumətin əsas prioritetləri dəyişməz qalıb. Sənəddə inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi və büdcə intizamının qorunması iqtisadi siyasətin əsas hədəfləri kimi göstərilib.

Proqrama əsasən, Türkiyə iqtisadiyyatının 2027-ci ildə 4,2%, 2028-ci ildə 4,6%, 2029-cu ildə isə 5% artacağı gözlənilir. Büdcə kəsirinin ÜDM-ə nisbətinin 2027-ci ildə 3,5% təşkil edəcəyi proqnozlaşdırılır.

Hökumət proqramın icrası nəticəsində ölkənin ümumi daxili məhsulunun 2,2 trilyon dolları ötəcəyini, mal və xidmət ixracının isə 450 milyard dollara çatacağını gözləyir.

Sənəddə, həmçinin 2,1 milyon yeni iş yerinin yaradılması və işsizlik səviyyəsinin 2029-cu ilin sonunadək 8%-dən aşağı salınması hədəfi əks olunub.

Cevdet Yılmaz bildirib ki, hökumət regiondakı geosiyasi gərginliyi və bunun enerji daşıyıcıları ilə xammal bazarlarına təsirini yaxından izləyir. Onun sözlərinə görə, Türkiyə iqtisadiyyatına mənfi təsirləri məhdudlaşdırmaq üçün müvafiq tədbirlər həyata keçirilir.

Vitse-prezident qeyd edib ki, İranda davam edən müharibənin yaratdığı təklif yönümlü inflyasiya təzyiqləri qiymət artımlarının azalması prosesini müvəqqəti olaraq zəiflədib. Bununla belə, hökumət orta müddətli perspektivdə inflyasiyanın dayanıqlı şəkildə aşağı düşəcəyini gözləyir.

MONETAR.AZ