Yaponiya hökuməti ölkənin iqtisadi kursunu müəyyən edən ən mühüm strateji sənəddə mərkəzi bankın pul-kredit siyasəti ilə bağlı kəskin mövqe nümayiş etdirməyə hazırlaşır. "Kyodo News" və "Mainichi" nəşrlərinin yaydığı məlumata görə, Baş nazir Sanae Takaichi administrasiyası iyul ayında dərc olunacaq rəsmi yol xəritəsində "balanslaşdırılmış" pul-kredit siyasətinin aparılmasının vacibliyini xüsusi vurğulayacaq.
Analitiklər tərəfindən bu addım, Yaponiya Mərkəzi Bankının (BOJ) faiz dərəcələrini aqressiv şəkildə artırmaq planlarının qarşısını almağa və iqtisadi artımı zərbə altında qoymamağa yönəlmiş birbaşa siyasi siqnal kimi qiymətləndirilir.
"Bloomberg News" agentliyinin tanış olduğu hökumət sənədinin layihəsində dövlət və mərkəzi bank arasında sinxron fəaliyyətin qorunması tələb olunur.
Yaponiya uzun illərdir davam edən deflyasiya (qiymətlərin davamlı düşməsi) girdabından yenicə qurtulur. Baş nazir Sanae Takaichi haqlı olaraq ehtiyat edir ki, mərkəzi bank faizləri vaxtından tez və kəskin qaldırarsa, bu, istehlak fəallığını boğa və yenicə artmağa başlayan maaş artımı trendini dayandıra bilər.
Hökumətin iyul sənədi vasitəsilə mərkəzi banka "balans" xəbərdarlığı etməsi, rəsmi Tokionun iqtisadi artımı inflyasiya ilə mübarizədən daha üstün tutduğunu və BOJ-un tam müstəqil hərəkət etməsinə qarşı daxili bir "fren" mexanizmi yaratmaq istədiyini nümayiş etdirir.
MONETAR.AZ