Böyük Britaniya "hərbi istiqrazlar" buraxmağı nəzərdən keçirir

Böyük Britaniya "hərbi istiqrazlar" buraxmağı

Qlobal geosiyasi gərginliklər və daxili siyasi dəyişikliklər fonunda Böyük Britaniya hökuməti ordunun maliyyələşdirilməsini təmin etmək üçün unikal iqtisadi mexanizmə əl atmağa hazırlaşır. "Bloomberg" agentliyinin məlumatına görə, London müdafiə büdcəsinin kəsirini örtmək və silahlı qüvvələri gücləndirmək məqsədilə pərakəndə investorlar (sıravi vətəndaşlar) üçün xüsusi "hərbi istiqrazlar"ın (war bonds) buraxılmasını ciddi şəkildə müzakirə edir.

Bu addım xüsusilə müdafiə naziri Con Hilinin (John Healey) səs-küylü istefasından sonra daha da aktuallaşıb. Keçmiş nazir bəyan etmişdi ki, hökumətin indiyədək ayırdığı əlavə 13,5 milyard funt sterlinqlik vəsait ölkənin müdafiə ehtiyaclarını və NATO qarşısındakı öhdəliklərini tam qarşılamaq üçün kifayət etmir.

Londonun maliyyə mərkəzinin (The City) aparıcı iqtisadçıları və parlament üzvləri tərəfindən dəstəklənən bu layihə sıravi britaniyalıların öz vəsaitlərini dövlət zəmanəti ilə orduya yatırmasını nəzərdə tutur. İstiqrazların bazarda uğur qazanması üçün pərakəndə investorlara unikal güzəştlər paketi təklif olunur.

Təşəbbüsün reallaşdırılması həm ordunun ehtiyaclarını ödəməyi, həm də ölkənin dövlət borcunun strukturunu xarici asılılıqdan xilas etməyi hədəfləyir.

Hökumət bu yeni maliyyə mexanizmini iyul ayında keçiriləcək mühüm NATO sammitinədək açıqlamağı planlaşdırdığı uzunmüddətli müdafiə investisiyaları proqramına daxil etməyi nəzərdən keçirir.

İlkin hesablamalara görə, vergi güzəştləri sayəsində proqramın ilk ilində daxili bazardan ən azı 10 milyard funt sterlinq toplamaq mümkün olacaq. Uzunmüddətli perspektivdə isə bu rəqəmin 20 milyard funtu ötəcəyi gözlənilir.

Hazırda Britaniyanın dövlət istiqrazları (gilts) bazarının təxminən 1/3-i xarici investorların əlindədir. Hərbi istiqrazlar dövlət borcuna daxili pərakəndə tələbi artırmaqla xarici şoklara qarşı maliyyə sipəri yaradacaq.

 Böyük Britaniya analoji pərakəndə modeldən bir qədər əvvəl (2025-ci ildə) ekoloji layihələri maliyyələşdirmək üçün "yaşıl gilts" (green gilts) buraxılışında uğurla istifadə edib. "Hərbi istiqrazlar" isə ölkəni faktiki olaraq klassik müharibə iqtisadiyyatının maliyyə modellərinə yaxınlaşdırır.

Hökumətin rəsmi təsdiqi hələ verilməsə də, daxili bazardan bu həcmdə vəsaitin toplanması rəsmi büdcə kəsirini artırmadan ordunu modernləşdirməyə imkan verəcək. Miras vergisindən azad olunma ideyası isə London sitisindəki iri fərdi kapital sahiblərini (High-Net-Worth Individuals) bu istiqrazları kütləvi şəkildə almağa stimullaşdıran ən güclü drayver olacaq.

MONETAR.AZ