"ABŞ dolları qlobal ticarətdə dominant mövqeyini qoruyur"

"ABŞ dolları qlobal ticarətdə dominant

Beynəlxalq Valyuta Fondunun (BVF) baş iqtisadçısı Pyer-Olivye Qurinşa qlobal maliyyə sistemi ilə bağlı mühüm bəyanatla çıxış edib. Onun sözlərinə görə, ABŞ-ın yeni xarici ticarət və tarif siyasətinə, habelə qlobal bazarlardakı struktur dəyişikliklərinə baxmayaraq, ABŞ dolları beynəlxalq maliyyə və ticarət sisteminin əsas dayağı olaraq qalmaqdadır.

BVF rəsmisi vurğulayıb ki, mərkəzi bankların valyuta ehtiyatlarında, qlobal bankçılıq əməliyyatlarında və beynəlxalq ticarət kontraktlarında dollar hələ də mütləq mənada aparıcı rol oynayır. "Dünyanın dollar sistemindən uzaqlaşdığına dair çox az əlamət görürük. Biz hələ də qəti şəkildə dollar dünyasında yaşayırıq", – deyə Qurinşa qeyd edib.

Analitiklərin bir qismi ABŞ prezidenti Donald Trampın müxtəlif ölkələrə qarşı birtərəfli qaydada tətbiq etdiyi sərt tarif siyasətinin "dedollizasiya" (dollardan imtina) prosesini sürətləndirəcəyini iddia etsələr də, rəsmi statistika fərqli mənzərə ortaya qoyur. BVF-nin analitik məlumatlarına görə, son on il ərzində alternativ valyutaların payında artım olduqca məhdud xarakter daşıyıb. Qlobal ticarət zənciri və SWIFT kimi klirinq (hesablaşma) sistemləri dərindən dollara inteqrasiya olunduğu üçün tarif təzyiqləri qısa və orta müddətli perspektivdə dolların dominantlığını sarsıda bilmir.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) əsas götürdüyü inflyasiya indikatorları elan edildikdən sonra bazarlarda faiz dərəcələrinin aqressiv şəkildə artırılacağı gözləntiləri bir qədər səngiyib.

Faiz gözləntilərinin yumşalması fonunda ABŞ dolları digər əsas qlobal valyuta səbəti qarşısında son dövrlərin ən yüksək zirvələrindən geri çəkilərək dəyər itirib.

Dolların zəifləməsi nəticəsində spot qızılın qiyməti günün ilk yarısında təxminən 1,4% artaraq unsiya üçün mühüm psixoloji həddi — 4 083 ABŞ dollarını ötüb (buna baxmayaraq, qızıl ardıcıl 4-cü həftəni ümumi mənfi balansla bağlamaq üzrədir).

 BVF iqtisadçısının bu şərhi qlobal bazarlardakı "dolların sonu gəlir" ritorikasının reallığı əks etdirmədiyini göstərir. Qızılın tarixi rekordlar qırması dolların sıradan çıxması yox, investorların qlobal ticarət müharibələri fonunda öz portfellərini sığortalamaq (hedcinq) cəhdidir.

ETF fondlarının və stabilkoin emitentlərinin qızıla yönəlməsi spekulyativ likvidliyin nəticəsidir. Fundamental ticarətdə — neft, qaz, kənd təsərrüfatı və yüksək texnologiyaların hesablaşmalarında dollar hələ uzun müddət alternativsiz qlobal valyuta statusunu qoruyub saxlayacaq.

MONETAR.AZ