ABŞ və Avropa İttifaqı (Aİ) arasında Rusiya qazından imtinadan sonra qurulan enerji tərəfdaşlığı ciddi iqlim və ticarət sınağı ilə üz-üzədir. "Bloomberg" agentliyinin yaydığı məlumata görə, ABŞ-ın energetika naziri Kris Rayt bəyan edib ki, əgər Brüssel metan emissiyalarına nəzarət qaydalarını yumşaltmasa, Amerika mayeləşdirilmiş təbii qazı (LNG) Avropadan kənar digər alternativ bazarlara yönəldilə bilər.
Nyu-Yorkda keçirilən konfransda danışan Kris Rayt qeyd edib ki, Aİ-nin tətbiq etmək istədiyi mürəkkəb tənzimləmələr və potensial cərimələr qaz ixracatçılarını çətin vəziyyətə salır və bu qaydalara yenidən baxılmasa, Avropa iqtisadiyyatı ciddi enerji qıtlığı ilə üzləşəcək.
Kris Raytın bugünkü sərt ritorikası ABŞ-ın əvvəlki iqlim öhdəliklərindən və transatlantik kursundan kəskin şəkildə uzaqlaşdığını göstərir.
Avropa İttifaqı hazırda ciddi bir dilemmanın içindədir: bir tərəfdən enerji təhlükəsizliyini təmin etmək üçün Amerika qazına ehtiyacı var, digər tərəfdən isə özünün ən fundamental ideoloji layihəsi olan "Yaşıl Saziş" (Green Deal) prinsiplərindən güzəştə getmək istəmir.
ABŞ-ın təhdidi real zəminə malikdir; çünki Asiya və Latın Amerikası bazarları daha yumşaq ekoloji standartlarla Amerika LNG-sini qəbul etməyə hər an hazırdır. Lüksemburq görüşündə Avropa nazirlərinin iqlim dogmaları ilə sərt sənaye reallıqları arasında hansı kompromisi seçəcəyi qitənin növbəti qış mövsümündəki enerji xərclərini və inflyasiya tempini birbaşa müəyyən edəcək.
MONETAR.AZ