Avstraliyada inflyasiya təzyiqi azalır

Avstraliyada inflyasiya təzyiqi

Avstraliya iqtisadiyyatında qiymət artımının tempini göstərən inflyasiya göstəriciləri gözləniləndən daha müsbət ssenari üzrə inkişaf edir. "Bloomberg" agentliyinin məlumatına görə, Avstraliyanın maliyyə naziri Cim Çalmers bəyan edib ki, ölkədə ümumi inflyasiya ilin ortalarında təxminən 4,25% səviyyəsində zirvə nöqtəsinə çatacaq. Bu göstərici may ayındakı federal büdcədə nəzərdə tutulan 5%-lik proqnozla müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır.

Nazir bu müsbət dinamikanın əsas drayveri kimi qlobal neft qiymətlərinin ucuzlaşmasını və Yaxın Şərqdəki sülh danışıqlarında irəliləyişlərin əldə olunmasını göstərib. Xüsusilə enerji daşıyıcılarının dünya bazarına çıxışı üçün kritik keçid məntəqəsi olan Hörmüz boğazının təhlükəsizliyi baxımından regionda atəşkəsin qorunması Avstraliya bazarı üçün də həlledici rol oynayır.

Maliyyə Nazirliyinin yenilənmiş iqtisadi hesablamaları inflyasiyanın əvvəlki proqnozlara nisbətən daha sürətlə cilovlandığını nümayiş etdirir.

Avstraliya Statistika Bürosunun son hesabatı da bu dinamikanı təsdiqləyir: may ayında illik ümumi inflyasiya 4% təşkil edərək iqtisadçıların 4,3%-lik proqnozunu geridə qoyub və qiymət artımının zəiflədiyini sübut edib.

Ümumi inflyasiyada pozitiv gedişat qeydə alınsa da, mərkəzi bankın pul-kredit siyasətini müəyyən edən "baza inflyasiyası" hələ də həssaslığını qoruyur. Maliyyə naziri Cim Çalmers bu göstərici üzrə proqnoz verməkdən ehtiyat edib.

Qiymətləri tez dəyişən yanacaq və ərzaq kimi məhsulları nəzərə almayan kəsilmiş orta inflyasiya (trimmed mean) illik müqayisədə 3,6% artıb. Bu rəqəm bazarın 3,5%-lik proqnozunu cüzi də olsa üstələyib və daxili tələbin hələ də güclü olduğunu göstərib.

İnflyasiyanı ram etmək məqsədilə Mərkəzi Bank əsas faiz dərəcəsini 3 dəfə artıraraq son illərin maksimumuna — 4,35%-ə çatdırıb. İyun iclasında tənzimləyici dərəcələri sabit saxlasa da, aqressiv ritorikadan tam imtina etməyib.

Mərkəzi Bank bəyan edib ki, növbəti addımlar tamamilə daxil olan makroiqtisadi datalardan asılı olacaq. May ayındakı 4%-lik ümumi inflyasiya faiz artımı ehtimalını azaltsa da, dərəcələrin aşağı salınması üçün baza inflyasiyasının (3,6%) hədəf diapazonuna (2-3%) daxil olması gözlənilməlidir.

 Avstraliya iqtisadiyyatı hazırda "yumşaq eniş" (soft landing) fazasındadır. İnflyasiyanın pik həddinin 5%-dən 4,25%-ə düşməsi hökumətin daxili bazarı tənzimləmə və kompensasiya proqramlarının işə yaradığını göstərir.

Lakin Maliyyə Nazirliyinin ilin sonunadək açıqlayacağı yenilənmiş iqtisadi proqnozlar ərəfəsində daxili ticarət subyektləri və rəhbərlik üçün əsas risk faktoru hələ də xarici qeyri-müəyyənliklərdir. Baza inflyasiyasının hədəfdən yuxarı qalması, Avstraliya Ehtiyat Bankının faiz dərəcələrini uzun müddət yüksək səviyyədə saxlayacağına və bununla da biznes kreditləşməsi üzərindəki təzyiqin davam edəcəyinə işarə edir.

MONETAR.AZ