ABŞ və Meksika ət milçəyi parazitinə qarşı yeni zavod istifadəyə verib

ABŞ və Meksika ət milçəyi parazitinə qarşı yeni zavod

ABŞ və Meksika hökumətləri kənd təsərrüfatı sektoruna milyardlarla dollar ziyan vuran, istiqanlı heyvanların qənimi sayılan Yeni Dünya ət milçəyi sürfəsinin (Cochliomyia hominivorax) yenidən yayılmasının qarşısını almaq üçün unikal layihəyə imza atıblar. "Bloomberg" agentliyinin məlumatına görə, iki ölkə parazitlə bioloji mübarizə aparmaq məqsədilə Meksikanın cənubundakı Metapa şəhərində steril (nəsilartırma qabiliyyəti olmayan) milçəklərin kütləvi istehsalı üzrə yeni zavod açıb.

Bu addım ABŞ-da təxminən 50 illik fasilədən sonra ev heyvanlarında ilk yoluxma faktlarının rəsmən təsdiqlənməsindən və Meksikada minlərlə heyvanın parazitə yoluxmasından sonra atılan təcili addımdır.

Meksikanın cənub sərhədinə yaxın yerləşən müəssisə cari ilin sonuna qədər mərhələli şəkildə tam gücü ilə işləməyə başlayacaq. 

Müəssisə iyul ayında ilkin mərhələ olaraq həftəlik 30 milyon steril pup istehsalı ilə fəaliyyətə başlayır. Radiasiya vasitəsilə sterilizasiya edilmiş bu puplardan çıxan milçəklər xüsusi təyyarələrlə yoluxma zonalarına atılacaq.

Avqust ayında laboratoriya və bəslənmə sahələrinin tam dövriyyəyə girməsi ilə həftəlik istehsal iki qat artırılaraq 60 milyon steril həşərat həddinə çatdırılır.

Noyabr ayında zavod pik gücünə sahib olur. Panamada artıq fəaliyyət göstərən digər zavodla birlikdə regionda ümumi steril milçək istehsalı həftədə 200 milyona çatacaq. (Qeyd: ABŞ-ın Texas ştatında da bənzər müəssisə tikilir, lakin onun 2027-ci ildən tez açılması gözlənilmir).

Yeni Dünya ət milçəyinin sürfələri istiqanlı heyvanların, o cümlədən inək, qoyun, at və hətta ev itlərinin bədənindəki açıq yaralara daxil olaraq canlı toxumalarla qidalanır. Müalicə olunmadıqda bu, heyvanın ağrılı ölümünə səbəb olur.

ABŞ-ın Meksikadakı səfiri Ronald Conson xəstəliyin qarşısını almaq üçün təcili olaraq 84 milyon dollar əlavə vəsait ayrıldığını açıqlayıb. Hesablamalara görə, əgər bu parazit ABŞ-ın cənub ştatlarında genişmiqyaslı şəkildə yayılarsa, ölkənin heyvandarlıq sektoruna vurduğu illik birbaşa ziyan 700 milyon dollardan çox ola bilər. ABŞ kənd təsərrüfatı naziri Bruk Rollinsin rəhbərliyi ilə həyata keçirilən bu layihə həm iki ölkə arasındakı ət ticarətinin davamlılığını təmin edir, həm də sərhəd ekoloji təhlükəsizliyini qoruyur.

MONETAR.AZ