İyunun 24-də saat 15:00-da müxtəlif rayonlarda torpaq müsabiqələri və hərracları keçiriləcək.
Torpaq sahələri yerli icra hakimiyyətləri və bələdiyyələrin təqdim etdiyi elanlar əsasında satışa və əsasən uzunmüddətli icarəyə çıxarılır.
Hərrac və müsabiqələrdə ümumilikdə 22 torpaq sahəsi təqdim olunacaq. Torpaqlar arasında kənd təsərrüfatı təyinatlı sahələr, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulan ərazilər və fərdi yaşayış evi tikintisi üçün torpaqlar yer alır.
Ən böyük sahələrdən biri Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən 77,35 hektar torpaq sahəsidir. Həmçinin Ağcabədi rayonunda 20 hektar, Xızı rayonunda 15 hektar, Ağcabədi və digər rayonlarda isə daha kiçik həcmli torpaq sahələri 15 il müddətinə icarəyə təklif edilir.
Satışa çıxarılan torpaq sahələri arasında Şabran rayonunun Pirəbədil kəndində 1200 kvadratmetrlik fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi də var.
Torpaq sahələri əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq və sahibkarlıq məqsədləri üçün nəzərdə tutulub.
Hərrac və müsabiqələr Əmlak Məsələləri Dövlət Xidmətinin regional ərazi şöbələrində keçiriləcək.
MONETAR.AZ