5 hektar limiti: torpaq sahələrinin xırdalanmasına son qoyulur

5 hektar limiti:

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların kiçik hissələrə parçalanmasının qarşısını almaq və pərakəndə sahələri birləşdirmək məqsədilə qanunvericiliyə mühüm dəyişikliklər edilir. Torpaq və Mülki Məcəllələr daxil olmaqla, 5 fərqli qanuna təklif edilən dəyişikliklər Milli Məclisin komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Yeni layihə ölkədə torpaqların konsolidasiyası (birləşdirilməsi) üçün vahid hüquqi baza formalaşdırır.

Vərəsəlik zamanı torpaqlar parçalana bilməyəcək

Mülki Məcəlləyə edilən strateji dəyişikliyə əsasən, miras qalan kənd təsərrüfatı torpaqlarının vərəsələr arasında bölünməsinə ciddi məhdudiyyət qoyulur. Artıq torpağın bölünməsinə yalnız o halda yol veriləcək ki, bölünən hər bir hissənin sahəsi 5 hektardan az olmasın.

Əgər ailədə vərəsələrin sayı çoxdursa və torpaq bölündükdə paylar 5 hektardan kiçik alınırsa, qanun bu bölgünü qadağan edir. Belə vəziyyətdə torpaq sahəsi təsərrüfatla birlikdə bütöv şəkildə satılacaq, əldə olunan vəsait isə vərəsələr arasında paylarına uyğun olaraq pul şəklində bölüşdürüləcək.

Torpaq satılarkən qonşu fermerə üstünlük veriləcək

Torpaqların təbii bazar mexanizmləri ilə böyüməsini stimullaşdırmaq üçün yeni mülkiyyət hüququ — "üstünlük hüququ" tətbiq edilir. Hər hansı bir kənd təsərrüfatı torpağı satışa çıxarıldıqda, həmin sahə ilə bilavasitə ümumi sərhədə malik olan qonşu torpaq mülkiyyətçiləri həmin yeri eyni şərtlərlə satın almaqda ilkin və üstün hüquqa sahib olacaqlar. Bu, qonşu fermerlərin öz təsərrüfatlarını genişləndirməsini asanlaşdıracaq.

Konsolidasiya prosesi necə aparılacaq?

Torpaqların konsolidasiyası tamamilə mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında, xüsusi komissiya tərəfindən idarə olunacaq. Proses zamanı fermerlərin maliyyə maraqları dövlət tərəfindən tam qorunur.

Torpaqların dəyəri müstəqil qiymətləndiricilər tərəfindən bazar qiymətlərinə uyğun müəyyən ediləcək. Konsolidasiya nəticəsində mülkiyyətçiyə verilən yeni torpağın bazar qiyməti köhnə torpağından ucuz olarsa, aradakı fərq dövlət tərəfindən nağd kompensasiya ediləcək. Əgər yeni torpaq baha olarsa, sahibkardan əlavə ödəniş tələb olunmayacaq.  Birləşdirilən torpaqlarda suvarma, meliorasiya, yol, enerji və işıqlandırma sistemləri dövlət hesabına yenidən qurulacaq.

Qanun layihəsinin əsaslandırılmasında qeyd edilir ki, Türkiyə və digər qabaqcıl ölkələrin təcrübəsi əsasında hazırlanan bu islahat zərurətdən doğub. İndiyə qədər torpaqların kiçik hissələrə bölünməsi texnikadan səmərəli istifadəni məhdudlaşdırır, suvarma sistemlərinin qurulmasını çətinləşdirir və istehsal xərclərini artırırdı.

MONETAR.AZ