“Balıqçılıq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb

 “Balıqçılıq haqqında” yeni qanun layihəsi

Milli Məclisin Aqrar siyasət komitəsində “Balıqçılıq haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd ölkədə balıqçılıq və su bioresurslarının idarə olunması sahəsində hüquqi bazanın yenilənməsini nəzərdə tutur.

Layihəyə əsasən, yeni qanun Azərbaycanda balıqçılığın təşkili, balıq və digər su bioresurslarının ovlanması, akvakultura fəaliyyəti, onların artırılması, istifadəsi və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. Sənəd həmçinin bu sahədə dövlət idarəçiliyinin daha sistemli və şəffaf şəkildə həyata keçirilməsini hədəfləyir.

Qanun layihəsi balıqçılıq sahəsində münasibətlərin tənzimlənməsində bir neçə normativ hüquqi aktın rolunu təsbit edir. Buraya Konstitusiya, Su Məcəlləsi, “Qida təhlükəsizliyi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Baytarlıq haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” və digər qanunlar daxildir.

Layihədə Xəzər dənizinin Azərbaycanın yurisdiksiyasına aid hissəsində balıqçılığın ayrıca qaydalarla tənzimlənməsi nəzərdə tutulur. Bu fəaliyyət həm milli qanunvericilik, həm də beynəlxalq müqavilələr çərçivəsində həyata keçiriləcək.

Sərhəd su obyektlərində isə balıqçılıq fəaliyyəti dövlət sərhədi və su qanunvericiliyi ilə uzlaşdırılmış şəkildə tənzimlənəcək.

Ələt Azad İqtisadi Zonasında balıqçılıq fəaliyyəti isə ayrıca olaraq “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun aparılacaq.

Yeni qanun qəbul olunarsa, 27 mart 1998-ci il tarixli “Balıqçılıq haqqında” mövcud qanun qüvvədən düşəcək.

Layihədə qeyd olunur ki, qanunun tələblərini pozan şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

MONETAR.AZ