Toxumçuluq sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin artırılması nəzərdə tutulur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklər toxumçuluq sahəsində qeydiyyatsız fəaliyyət göstərən əməliyyatçılara və qaydaları pozan şəxslərə qarşı cərimələrin tətbiqini genişləndirir.
Layihəyə əsasən, toxumçuluq sahəsində normativ tələblərə uyğun olmayan toxumların istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarəti, idxalı və ixracı ilə bağlı pozuntulara görə inzibati məsuliyyət müəyyən edilir. Eyni zamanda toxum əməliyyatçılarının müvafiq icra orqanının informasiya sistemində qeydiyyata alınmadan fəaliyyət göstərməsi və toxum məhsulları barədə yanlış məlumatların (mənşə, sort, keyfiyyət və s.) göstərilməsi də cərimə ilə nəticələnəcək.
Qanun layihəsinə görə, bu pozuntulara görə cərimələr belə müəyyən edilir:
-
Fiziki şəxslər: 100 – 150 manat
-
Vəzifəli şəxslər: 300 – 500 manat
-
Hüquqi şəxslər: 1000 – 1500 manat
Bundan başqa, toxum əməliyyatçıları tərəfindən informasiya sisteminə bilərəkdən yanlış və ya təhrif olunmuş məlumatların daxil edilməsi də eyni məbləğdə cərimələrlə nəticələnəcək.
Dəyişikliklərin məqsədinin toxumçuluq sahəsində şəffaflığın artırılması və nəzarət mexanizmlərinin gücləndirilməsi olduğu bildirilir.
MONETAR.AZ