"Müasir suvarma tətbiq edənlərə hər hektara görə 60 manat subsidiya veriləcək"

"Müasir suvarma tətbiq edənlərə hər hektara görə 60 manat

Azərbaycanda kənd təsərrüfatının rəqəmsal və texnoloji transformasiyasını nəzərdə tutan 2026–2030-cu illər üçün Dövlət Proqramının icra detalları açıqlanıb. Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Qaxda keçirilən regional müşavirədə bildirib ki, müasir suvarma sistemləri quran fermerlərə dəstək məqsədilə hər hektara görə 60 manat əlavə subsidiya ödənilir.

Nazirlik Şəki-Zaqatala iqtisadi rayonunun nəhəng aqrar potensialını tam reallaşdırmaq üçün su itkisinin qarşısını alan texnologiyalara və kənd təsərrüfatı texnikasının (kombayn parkının) kütləvi şəkildə yenilənməsinə start verir.

Müasir səpin aqreqatlarının mövcudluğu toxumun torpağa düzgün dərinlikdə və aqrotexniki təqvimə uyğun optimal müddətdə basdırılmasını təmin edir. Lazer hamarlama texnologiyası sayəsində su sahənin bir hissəsində yığılıb bitkini boğmur, digər hissəni susuz qoymur. Sahə bərabər inkişaf edir.

Parka daxil ediləcək 500-dən çox yeni kombayn taxılın sahədə qalmasının və tökülərək itkiyə getməsinin qarşısını alır, biçini optimal vaxtda tamamlayır.

 Kənd Təsərrüfatı Nazirliyinin bu açıqlamaları aqrobiznes subyektləri üçün çox ciddi iqtisadi siqnallarla doludur. Hər hektara görə verilən 60 manatlıq əlavə suvarma subsidiyası və tezliklə tətbiqinə başlanacaq lazer hamarlama subsidiyası göstərir ki, dövlət artıq fermerlərin texnoloji xərclərini birbaşa sığortalayır. Nazirliyin xüsusilə 5 hektardan yuxarı sahəsi olan fermerlərə lazer hamarlamaya ciddi yanaşma tövsiyəsi, gələcəkdə iri təsərrüfatların rəqabət qabiliyyətini müəyyən edəcək.

İlkin mərhələdə xərc kimi görünən bu investisiyalar, suya qənaət və 20-30% məhsuldarlıq artımı ilə özünü cəmi 1-2 mövsümə amortizasiya (geri ödəmə) edir. 500-dən çox yeni kombaynın bazara daxil olması isə regionlarda texnika qıtlığı çəkən kiçik və orta fermerlərin də işini yüngülləşdirəcək.