2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın balıq məhsulları idxalı üzrə göstəricilər ölkəyə gətirilən məhsulların orta gömrük qiymətlərini açıqlamağa imkan verir. Rəsmi idxal məlumatlarına əsasən, balıq məhsullarının 1 kiloqram üzrə qiyməti məhsulun növündən və mənşə ölkəsindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişib.
Ən yüksək qiymət qızılbalığı məhsullarında qeydə alınıb. Təzə və soyudulmuş Atlantik qızılbalığının orta idxal dəyəri 1 kiloqram üçün təxminən 18,4 manat, digər təzə qızılbalığı növlərində isə 26 manatdan çox olub. Alabalığın idxal qiyməti orta hesabla 7,8 manat/kq, dondurulmuş qızılbalığının qiyməti isə təxminən 8,9 manat/kq təşkil edib.
Daha aşağı qiymət kateqoriyasında isə dondurulmuş naqqa balığı yer alıb. Bu məhsulun orta idxal dəyəri təxminən 2,6 manat/kq olub. Dondurulmuş mintay və merluza balıqlarında da qiymətlər 3,7–3,9 manat/kq səviyyəsində formalaşıb. Məlumata görə, balıq idxalında əsas tədarükçülər sırasında İran, Türkiyə, Rusiya, Norveç, Çili, Vyetnam və digər ölkələr yer alıb.
Eyni zamanda, hesabat dövründə Azərbaycanın bəzi balıq məhsulları üzrə ixracı da qeydə alınıb. Xüsusilə dondurulmuş alabalıq və sardina-kilkə məhsullarının xarici bazarlara satışı həyata keçirilib. Ekspertlər hesab edirlər ki, balıq məhsullarının idxal qiymətlərinə dünya bazarındakı kotirovkalar, logistika xərcləri, soyuducu zəncir və məhsulun keyfiyyət göstəriciləri təsir edir.