Bitcoin bugün həftəsonunun əvvəlində qısa müddətlik 60 min dollar həddinin altına düşdükdən sonra yenidən bu səviyyənin üzərində ticarət olunub. Bununla belə, spot ETF-lərdən davam edən vəsait çıxışı, ABŞ dollarının möhkəmlənməsi və ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətini daha da sərtləşdirəcəyi ilə bağlı gözləntilər bazar əhval-ruhiyyəsinə təzyiq göstərməkdə davam edir.
Bakı vaxtı ilə saat 12:37-yə olan məlumata görə, Bitkoin 0,25% ucuzlaşaraq 60 273,4 dollardan ticarət olunub. Kriptovalyuta həftəsonu qısa müddət ərzində 60 min dolların altına ensə də, sonradan yenidən bu həddin üzərinə qalxıb.
Bitkoin ardıcıl ikinci rübü zərərlə başa vurmağa yaxınlaşır. Bu, ilin ilk iki rübünün mənfi nəticə ilə tamamlanmasının tarixdə cəmi üçüncü halı olacaq.
Son sessiyalarda institusional investorların marağı zəifləyib. ABŞ-da fəaliyyət göstərən spot Bitkoin ETF-lərində ardıcıl yeddinci ticarət günü xalis vəsait çıxışı qeydə alınıb. Təkcə cümə günü bu fondlardan təxminən 445 milyon dollar çıxarılıb.
Beləliklə, iyun ayı ərzində spot Bitkoin ETF-lərindən ümumi xalis vəsait çıxışı təxminən 4,06 milyard dollara çatıb. Nəticədə, bu fondların idarə etdiyi ümumi aktivlərin həcmi təxminən 72,8 milyard dollara qədər azalıb.