Kriptovalyuta dünyasının ən tanınmış və radikal analitiklərindən biri, "BitMEX" birjasının keçmiş baş icraçı direktoru Artur Heys rəqəmsal aktivlərin gələcəyinə dair növbəti səs-küylü proqnozunu səsləndirib. "New Era Finance" podkastında və "Bankless" platformasına verdiyi müsahibələrdə Heys bəyan edib ki, hazırda qlobal bazarları bürüyən süni intellekt (AI) köpüyünün qaçılmaz çöküşü Bitcoin-in qiymətini uzunmüddətli perspektivdə 1 milyon dollarlıq tarixi zirvəyə daşıyacaq əsas təkan nöqtəsi ola bilər.
Heysə görə, mövcud bazar konyukturası kriptovalyutaların potensial artım sürətini müvəqqəti olaraq boğur, lakin bu vəziyyət partlamağa hazırlaşan bir yay effekti yaradır.
Artur Heys son illərdə kripto bazarlarında gözlənilən kəskin partlayışın gecikməsini makroiqtisadi bir amillə izah edir: kapitalın istiqamətinin dəyişməsi. "Bitcoin son dövrlərdə gözlənilən sıçrayışı edə bilmədi, çünki qlobal spekulyativ kapitalın demək olar ki, hamısı süni intellekt layihələrinə axdı. Risk etməyə hazır olan investorların sərbəst vəsaitləri kriptovalyutalar əvəzinə AI startaplarına yönəldiyi üçün rəqəmsal aktivlər qidasız qaldı."
Analitikin hesablamalarına görə, son 6-7 ildə bu sahəyə yüz milyardlarla dollar investisiya qoyulub. Lakin bu layihələrin böyük hissəsi gələcəkdə qoyulan kapitalı amortizasiya edəcək (geriyə qazandıracaq) real gəlir modelinə sahib deyil. Investorlar real gəlirliliyin fərziyyələrdən qat-qat aşağı olduğunu anladıqda bazarda zəncirvari reaksiyalar başlayacaq.
Heys süni intellekt sektorundakı mümkün çöküşün qlobal maliyyə sistemində yaradacağı tektonik sürüşməni və onun Bitcoin-ə təsir mexanizmini xronoloji ardıcıllıqla xarakterizə edir.
Artur Heys yarandığı gündən bəri Bitcoin-in "xaosdan bəhrələnən aktiv" (anti-kövrək/anti-fragile) olduğunu müdafiə edir. Onun AI sənayesinə yönəlmiş tənqidləri müəyyən mənada əsaslıdır; bu gün bir çox startap sadəcə adında "AI" sözü olduğu üçün şişirdilmiş qiymətləndirmələrə məruz qalır (dot-com köpüyü kimi).
Lakin investorlar yaddan çıxarmamalıdırlar ki, Heys həm də bir törəmə alətlər (derivatives) treyderidir və onun proqnozları bazarda yüksək volatillik (qiymət dalğalanması) yaratmağa xidmət edir. AI köpüyünün partlaması qlobal resessiyaya (iqtisadi tənəzzülə) səbəb olarsa, Bitcoin 1 milyon dollara getməzdən əvvəl çox ciddi və ağrılı bir eniş korreksiyasından keçməli ola bilər.
MONETAR.AZ