Dünyanın ən bahalı reklamı harada yayımlanır?

Dünyanın ən bahalı reklamı

Super Boul ABŞ-da Amerika futbolu üzrə Milli Futbol Liqasının (NFL) final oyunudur və hər il mövsümün qalibini müəyyənləşdirir. Bu qarşılaşma təkcə idman yarışı deyil, eyni zamanda ABŞ-da ilin ən çox izlənilən televiziya yayımı və ən nüfuzlu reklam platforması hesab olunur.

Son üç ildə ardıcıl olaraq tamaşaçı rekordlarını qıran Super Bowl reklam bazarında da misilsiz qiymətləri ilə seçilir. Məlumatlara görə, 2026-cı ildə bu oyun zamanı yayımlanan bir dəqiqəlik reklamın dəyəri 15–20 milyon ABŞ dollarına çata bilər. Bu yüksək qiymət Super Boulun ABŞ-da 120 milyondan çox tamaşaçını ekran qarşısına toplaması ilə əlaqələndirilir.

Statistik göstəricilər Super Boul reklamlarının qiymətində uzunmüddətli artım tendensiyasını ortaya qoyur. Belə ki, 2015-ci ildə 30 saniyəlik reklamın orta qiyməti 4,3 milyon dollar olduğu halda, bu rəqəm 2025 və 2026-cı illərdə 8 milyon dollara yüksəlib. Xüsusilə 2020-ci illərdən etibarən qiymətlər kəskin artaraq 2021-ci ildə 5,5 milyon dollardan 2022-ci ildə 6,5 milyon dollara, 2023 və 2024-cü illərdə isə 7 milyon dollara çatıb.

Reklam büdcələrinin artması Super Bowl tarixində ən bahalı reklam çarxlarının da məhz son illərdə qeydə alınmasına səbəb olub. Amazon şirkətinin 2022-ci ildə yayımlanan “Mind Reader” adlı reklamı 26 milyon dollarla indiyədək ən bahalı Super Bowl reklamı sayılır. 2021-ci ildə Cadillacın “ScissorHandsFree” və General Motorsun “No Way Norway” reklamlarının hər biri 22 milyon dollara başa gəlib. İlk beşliyə daxil olan digər reklamlar isə Amazonun “Before Alexa” və Google-un “Loretta” adlı 2020-ci il çarxlarıdır.

Mütəxəssislərin fikrincə, Super Bowl-un həm idman, həm də mədəni hadisə kimi böyük maraq doğurması reklam qiymətlərinin yüksək qalmasının əsas səbəbidir. Bu baxımdan, yaxın illərdə də Super Bowl reklamlarının dünyanın ən bahalı televiziya reklamları sırasında qalacağı gözlənilir.

 MONETAR.AZ