Hansı aviaşirkətlər ayaq uzatmağa daha çox imkan yaradır?

Hansı aviaşirkətlər ayaq uzatmağa

Aviasiya sənayesində ekonom sinifdə oturacaqların illər ərzində daralmasına baxmayaraq bəzi aviaşirkətlər sərnişin rahatlığını qoruyub saxlayır. Aparılan son araşdırma ekonom sinifdə ən geniş ayaq məsafəsi təklif edən 10 aparıcı aviaşirkəti müəyyən edib.

Məlumata görə, sərnişinlər üçün ayaq məsafəsini ölçən əsas göstərici olan “seat pitch” son onilliklərdə əhəmiyyətli dərəcədə azalıb. 1970-ci illərdə bu göstərici orta hesabla 0,89 metr olduğu halda, hazırda təxminən 0,76 metr səviyyəsinə enib. Təyyarə salonlarında oturacaqların sıx yerləşdirilməsi fonunda ayaq məsafəsi aviaşirkətlər üçün əsas fərqləndirici meyara çevrilib.

Araşdırmaya əsasən, Japan Airlines və All Nippon Airways (ANA) ekonom sinifdə 0,86 metr ayaq məsafəsi ilə siyahıya başçılıq edir. Emirates aviaşirkəti də eyni göstərici ilə ilk üçlükdə yer alır. Şirkətin geniş salonlara və komforta yönəlik yanaşması onun ekonom sinifdə də üstün mövqe tutmasına imkan verir.

ABŞ aviaşirkətləri arasında JetBlue daha geniş ayaq məsafəsi ilə seçilir. Şirkət ekonom sinifdə 0,82 metr ayaq məsafəsi təklif edir ki, bu da bir çox beynəlxalq tam xidmətli aviaşirkətlərin səviyyəsinə yaxındır. Digər ABŞ daşıyıcıları – Delta Air Lines, Alaska Airlines və Southwest Airlines isə 0,79–0,81 metr aralığında göstəricilərlə reytinqin aşağı pillələrində qərarlaşıb.

İlk onluğa daxil olan digər aviaşirkətlər arasında Cathay Pacific, Singapore Airlines və Qantas da yer alır. Bu fakt Asiya-Sakit okean regionu aviaşirkətlərinin sərnişin komfortuna xüsusi diqqət ayırdığını göstərir.

Qeyd edək ki, məlumatlar Simple Flying platformasının Business Traveller və Condé Nast Traveler reytinqlərinə əsaslanan araşdırmasına istinadən təqdim olunub.

MONETAR.AZ