Artıq xəbər verildiyi kimi, “Bakı Metropoliteni” QSC stansiya şəbəkəsinin və infrastruktur obyektlərinin genişləndirilməsi ilə bağlı planlarını müəyyənləşdirib. Minval-ın məlumatına görə, bu çərçivədə metropoliten rəhbərliyi cari il üçün Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı və Bakı Metropoliteninin xətlərinin inkişafına dair Konseptual Layihə çərçivəsində həyata keçirilən dörd layihənin tamamlanmasını planlaşdırır.
Artan sərnişin axını nəzərə alınmaqla, 2030-cu ilədək 10 yeni metro stansiyasının inşası nəzərdə tutulur. Bakı Metropoliteni xətlərinin inkişafına dair Konseptual sxemə əsasən, gələcəkdə metropoliten şəbəkəsi 5 xətt, 76 stansiya, 6 elektrik deposu və 119,1 km uzunluğunda xətləri əhatə edəcək. Uzunmüddətli perspektivdə 51 yeni stansiyanın və əlavə 84,3 km metro xəttinin tikintisi prioritet hesab olunur. Bu layihələr sərnişin rahatlığını təmin edəcək və şəhərin dayanıqlı hərəkətlilik strategiyasına töhfə verəcək.
Hazırkı mərhələdə isə 10 stansiyanın tikintisi çərçivəsində metropolitenin qırmızı və yaşıl xətlərinin ayrılması nəzərdə tutulur. Eyni zamanda depo infrastrukturunun təkmilləşdirilməsi də planlaşdırılır.
Bəs sərnişinləri 2026-cı ildə nələr gözləyir?
Yaxın aylarda Bakıda Dərnəgül elektrik deposunun tikintisi üzrə layihənin birinci mərhələsinin icrası başa çatacaq. Ümumilikdə, yaxın illərdə elektrik depolarının sayının üçə çatdırılması planlaşdırılır. Dərnəgül elektrik deposu “28 May” stansiyasında yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biridir. Hazırda həm yaşıl, həm də qırmızı xətlərə yalnız Nərimanov deposu xidmət göstərir ki, bu da yaşıl xəttin müstəqil fəaliyyəti və “28 May” stansiyasında yolların ayrılması üçün yeni tunellərin tikintisinə başlamaq baxımından kifayət etmir. Dərnəgül elektrik deposu 16,5 hektar ərazini əhatə edir və ümumilikdə burada 40-dan çox obyektin tikintisi nəzərdə tutulur.
Dərnəgül elektrik deposunun açılışından sonra “28 May” stansiyasında kəsişən yaşıl və qırmızı xətlərin fiziki olaraq ayrılmasına başlanılacaq. Bu layihənin icrası cari ilə planlaşdırılıb. Yaxın vaxtlarda tunellərin qazılmasına start veriləcək və işlər başa çatdıqdan sonra qatarlar xətlər üzrə ayrı-ayrılıqda hərəkət edəcək. Bildirilir ki, “28 May” və “Cəfər Cabbarlı” stansiyaları yaxınlığında hazırlıq şaxtalarında işlər artıq tamamlanıb. Xətlərin ayrılması “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metr uzunluğunda yeni birləşdirici tunelin tikintisini nəzərdə tutur. Hər iki tunelin inşası zamanı “Nizami” və “28 May” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq. Gözlənilir ki, xətlərin ayrılması sərnişin yükünü azaldacaq, səfər vaxtını qısaldacaq və yerüstü nəqliyyatda sıxlığı minimuma endirəcək.
Cari ilin sonuna, ehtimal ki, ikinci yarısında metropoliten bənövşəyi xətt üzrə V-4 adlı yeni stansiyanın açılışına hazırlaşır. Bu, bənövşəyi xətt üzrə beşinci və dərinlikdə yerləşən stansiyalardan biri olacaq. Stansiyanın ilin sonuna qədər istismara verilməsi planlaşdırılır. O, Heydər Əliyev adına İdman Kompleksi ilə Klinik Tibbi Mərkəz arasında yerləşir və 2030-cu ilədək istifadəyə veriləcək 10 yeni stansiyadan birincisi olacaq. V-4 stansiyası bir sıra xüsusiyyətlərinə görə digər stansiyalardan fərqlənir.
Stansiya onmərtəbəli bina hündürlüyünə bərabər dərinlikdə yerləşir. Layihəyə əsasən, sərnişinlər vaqona minməzdən əvvəl yerin altına bir neçə səviyyə enməli olacaqlar. Aşağı düşdükdən sonra platformaya çatmaq üçün daha iki səviyyə eskalatorla qət ediləcək. Ərazinin relyefi nəzərə alınmaqla 29–31 metr dərinlikdə tikilən B-4 stansiyasının uzunluğu 167,7 metrdir və dörd səviyyədən ibarətdir. Səviyyələrarası keçid üçün 19 eskalator, hərəkət imkanları məhdud şəxslər üçün isə 5 lift nəzərdə tutulub. Stansiyada dörd giriş-çıxış olacaq. Hazırda onlardan ikisinin tikintisi başa çatıb, digərlərində işlər davam edir.
İlin sonuna qədər “Həzi Aslanov” stansiyasında aparılan təmir işləri də tamamlanacaq. Dal yollarında əsaslı təmir aparılır, örtüklər və divarlar möhkəmləndirilir, köhnə bloklar yeniləri ilə əvəz olunur, həmçinin antikorroziya və hidroizolyasiya işləri görülür.