Çindən Azərbaycana yüklərin çatdırılma müddəti qısalıb

Çindən Azərbaycana yüklərin çatdırılma müddəti

Çinlə Azərbaycan arasında Orta Dəhliz üzrə dəmir yolu marşrutu ilə tranzitin orta müddəti 2026-cı ilin əvvəlində azalıb. Bu barədə Beijing Cross-Eurasia International Logistics şirkətinin icraçı direktoru Van Syu Dung sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, əməliyyat məlumatlarına əsasən, 2026-cı ilin yanvarında Sian–Bakı marşrutu üzrə yüklərin orta çatdırılma müddəti 16 gün təşkil edib ki, bu da 2025-ci ilin dekabrındakı göstəricidən (17 gün) bir gün azdır. Eyni zamanda, yanvar ayında bu istiqamət üzrə səkkiz yük qatarı göndərilib, dekabrda isə onların sayı on bir olub.

Tranzit-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) 2019-cu ildən etibarən Sian (Çin) – Bakı (Azərbaycan) xətti üzrə müntəzəm konteyner qatarlarının göndərilməsini aktivləşdirib və təkcə 2025-ci ildə bu istiqamət üzrə 400-dən çox reys həyata keçirilib. Marşrut 30 iyun 2025-ci ildə istifadəyə verilən Pekindən yeni xidmət hesabına genişləndirilib.

Əsas hadisələrdən biri 2024-cü ildə Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi olub. Bu, yolun illik buraxılış qabiliyyətini 1 milyon tondan 5 milyon tona çatdırıb. 2024-cü ilin avqustunda Çin Dəmir Yolu Konteyner Daşımaları Korporasiyası (CRCT) Middle Corridor Multimodal Ltd. birgə müəssisəsinə qoşulub. 2026-cı ilin əvvəlində ilin ilk qatarı Bakıya gəlib və tranzit müddətinin 11 günədək azaldığını nümayiş etdirib.

Qeyd edək ki, Orta Dəhliz (Tranzit-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TITR) Asiyanı Avropa ilə birləşdirən nəqliyyat və ticarət yoludur və ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış edir. Marşrut Çindən başlayır, Mərkəzi Asiya ölkələrindən (Qazaxıstan, Özbəkistan, Türkmənistan) keçir, Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən davam edir, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropaya çatır. Bu quru marşrutu daha uzun dəniz yollarını dolanmağa imkan verir və Şərqi Asiyanı, o cümlədən Çini Avropa ilə birbaşa əlaqələndirir.