Dünyanın ən işlək daxili aviareysləri açıqlanıb

Dünyanın ən işlək

Dünyanın müxtəlif regionları üzrə ən işlək daxili aviareyslər açıqlanıb. OAG şirkətinin məlumatlarına  görə Cənubi Koreyada Cejyu (Jeju) – Seul Gimpo marşrutu dünyada ən sıx daxili uçuş xətti olub.

2025-ci ildə Cejyu–Seul Gimpo xətti üzrə planlaşdırılan sərnişin sayı 14,4 milyon təşkil edib. Bu marşrut son onillik ərzində ardıcıl olaraq dünyanın ən işlək daxili aviareysi hesab olunur. Gündəlik orta hesabla 200-dək reysin həyata keçirildiyi qeyd olunur. Turizm mərkəzi kimi tanınan Cejyu adası bu göstəricinin əsas səbəblərindən biri kimi göstərilir.

Regionlar üzrə digər ən işlək daxili aviareyslər bunlardır: Yaxın Şərqdə Ciddə–Ər-Riyad (9,8 milyon sərnişin), Latın Amerikasında Boqota–Medellin (6,2 milyon), Afrikada Keyptaun–Yohannesburq (5,5 milyon), Şimali Amerikada Vankuver–Toronto (3,7 milyon), Avropada isə Barselona–Palma marşrutu (3,0 milyon).

Hesabatda bildirilir ki, 2025-ci ildə dünyada təxminən 5 milyard sərnişin hava nəqliyyatından istifadə edib və aviaşirkətlərin gəlirlərinin 1 trilyon ABŞ dollarını ötəcəyi proqnozlaşdırılır. Ən yüksək artım tempi Asiya–Sakit okean regionunda qeydə alınıb. Bu regionda sərnişin axını il ərzində 10 faiz artıb və 2026-cı ildə əlavə 7 faiz artım gözlənilir.

Ümumilikdə, dünyanın ən işlək 10 daxili aviareysindən doqquzu Asiya–Sakit okean regionunun payına düşür. Mütəxəssislər bunu iri şəhərlər arasındakı yaxın məsafə, yüksək reys sıxlığı və Hindistan, Vyetnam kimi ölkələrdə iqtisadi artım fonunda hava nəqliyyatına tələbatın yüksəlməsi ilə izah edirlər.

Monetar.az