Britaniya dekarbonizasiyası proqramını inkişaf etdirir

Britaniya dekarbonizasiyası proqramını

Birləşmiş Krallıq 2050-ci ilə qədər aviasiya sektorunda xalis sıfır emissiyaya nail olmağı hədəfləyən Jet Zero strategiyası çərçivəsində dayanıqlı aviasiyanın inkişaf proqramını həyata keçirir. Proqram ekoloji təmiz yanacaq növlərinin inkişafını, yeni texnologiyaların tətbiqini və infrastrukturun modernləşdirilməsini nəzərdə tutur.

Aviasiya sektoru ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır və 1 milyondan çox iş yerini təmin edir. Pandemiyadan əvvəl isə qlobal miqyasda aviasiya sahəsi karbon qazı emissiyalarının təxminən 2,5%-ni təşkil edirdi ki, bu da sektorun dekarbonizasiyasına dair təzyiqləri artırır.

Strategiyanın əsas elementlərindən biri davamlı aviasiya yanacağının (SAF) inkişafıdır. Bu yanacaq növləri ənənəvi aviasiya kerosini ilə müqayisədə bütün həyat dövrü üzrə emissiyaları 70% və daha çox azaltmağa imkan verir. 2025-ci ildən etibarən Böyük Britaniyada yanacaq qarışığında SAF payının mərhələli şəkildə artırılması tələbi tətbiq olunur: 2025-ci ildə – 2%, 2040-cı ildə isə 22%.

Hökumət həmçinin “yaşıl” aviasiya texnologiyalarının inkişafına investisiya yatırır. Bu çərçivədə aşağı karbon emissiyalı təyyarələrin və digər innovativ həllərin hazırlanması üçün 43 milyon funt sterlinq maliyyə ayrıldığı elan olunub.

Bundan əlavə, davamlı aviasiya yanacağının istehsalı üçün yeni istehsal güclərinin yaradılmasına və hava limanı infrastrukturunun inkişafına da investisiyalar yönəldilir. Rəsmilərin hesablamalarına görə, aşağı karbonlu aviasiyaya keçid 2050-ci ilə qədər ölkə iqtisadiyyatına əlavə 5 milyard funt sterlinq qazandıracaq və minlərlə yüksək ixtisaslı iş yeri yaradacaq.

 

MONETAR.AZ