Honda şirkəti Yaponiya bazarı üçün yeni Insight modelini təqdim edib. Əvvəllər bu ad hetçbek və sedan modellərinə verilirdisə, yeni nəsil artıq krossover formatında hazırlanıb.
Yaponiyada Honda Insight adı altında əslində Çində istehsal olunan elektrik krossoveri Honda e:NS2 satılacaq. Bu model Dongfeng Motor ilə birgə müəssisədə istehsal edilir.
Yeni Insight-un uzunluğu 4788 mm, təkər bazası isə 2735 mm təşkil edir. Avtomobil ön oxda yerləşən 201 at gücündə elektrik mühərriki və CATL şirkətinin istehsalı olan 68,8 kVt/saat tutumlu batareya ilə təchiz edilib. Bu batareya Çin CLTC standartına görə 545 km, WLTC standartına görə isə təxminən 500 km məsafə qət etməyə imkan verir.
Sağ sükanlı elektromobil aşağıdakı xüsusiyyətlərlə təchiz olunub:
-
işıqlandırılan Honda loqosu ilə LED optika,
-
gizlədilmiş qapı tutacaqları,
-
18 düymlük disklər,
-
Sport rejimində aktivləşən süni səs effektləri.
Salonunda isə böyük mərkəzi ekran, 12 dinamikli Bose audio sistemi, videoregistratorlu rəqəmsal arxa görüntü güzgüsü, həmçinin panoram lyuk və proyeksiya displeyi quraşdırılıb.
Yaponiyada elektromobillərin bazar payı 2%-dən azdır. Buna görə də Honda yeni model üçün yüksək satış gözləntisi qoymayıb. Şirkət ildə təxminən 3 min ədəd Insight satmağı planlaşdırır. Model üçün sifarişlərin qəbulu mart ayında başlayacaq.

MONETAR.AZ