Qətər hakimiyyəti xarici aviaşirkətlərin ölkəyə uçuşlarının mərhələli şəkildə bərpasını elan edib. Uçuşlar Hamad Beynəlxalq Hava Limanı vasitəsilə həyata keçiriləcək. Bu barədə əmirliyin mülki aviasiya idarəsinin bəyanatında bildirilir.
Qurumun açıqlamasına görə, qərar “mövcud vəziyyətin bütün aidiyyəti qurumlarla birgə hərtərəfli qiymətləndirilməsindən sonra” qəbul edilib.
Mülki aviasiya orqanları vurğulayıb ki, görülən tədbirlər aviasiya sektorunun maksimum hazırlığının və səmərəli fəaliyyətinin təmin olunmasına yönəlib.
Bildirilib ki, bütün uçuşlar və əlaqəli əməliyyatlar beynəlxalq təhlükəsizlik və qorunma standartlarına uyğun şəkildə yerinə yetiriləcək. Həmçinin sərnişinlərin və personalın təhlükəsizliyi üçün bütün zəruri ehtiyat tədbirlərinin tətbiq ediləcəyi qeyd olunub.