Aqrar sektorda maaşların artımı ölkə üzrə göstəricini 2 dəfə qabaqlayır

Aqrar sektorda maaşların artımı

Bu ilin oktyabrında Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 684 manat təşkil edib. Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara görə, bu göstərici əvvəlki dövrün 567,9 manatı ilə müqayisədə 20,4 faiz artım nümayiş etdirir.

Sub-sektorlar üzrə əməkhaqqı dinamikasına baxıldıqda balıqçılıq və balıqyetişdirmə sahəsi ən yüksək göstəriciyə malikdir. Burada orta aylıq əməkhaqqı 1029,9 manat təşkil edib ki, bu da əvvəlki dövrə nisbətən 5,3 faiz artım deməkdir. Bitkiçilik və heyvandarlıq sahəsində əməkhaqqı 676,5 manat səviyyəsindədir və artım 20,1 faiz təşkil edir. Meşə təsərrüfatı və xidmət sahəsində isə orta aylıq əməkhaqqı 680,1 manat olub, artım isə 15 faiz təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ölkə üzrə orta aylıq əməkhaqqı 1087,7 manat olub ki, bu da əvvəlki dövrün 993,0 manatı ilə müqayisədə 9,5 faiz çoxdur.

MONETAR.AZ