Pakistan prezidenti Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa İrana verilmiş müddətin iki həftə uzadılması ilə bağlı müraciət edib, Tehrandan isə eyni müddət ərzində Hörmüz boğazının açılmasını istəyib.
Pakistan Baş nazirinin sosial media hesabında paylaşdığı açıqlamada ABŞ ilə İran arasında aparılan danışıqların “güclü şəkildə irəlilədiyi” qeyd olunub. O bildirib ki, Yaxın Şərqdə davam edən münaqişənin sülh yolu ilə həlli üçün diplomatik səylər sabit və effektiv şəkildə davam edir və yaxın zamanda konkret nəticələr verə bilər.
Ş.Şərif diplomatiyaya imkan yaratmaq üçün Vaşinqtondan əlavə vaxt verilməsini xahiş edib. O, həmçinin Pakistanın xoş niyyət jesti olaraq İrandan Hörmüz boğazını iki həftə müddətinə açmasını rica etdiyini vurğulayıb.
Baş nazir bölgədə davamlı sülh və sabitliyin təmin olunması üçün diplomatiyaya üstünlük verilməsinin vacibliyini qeyd edərək bütün tərəfləri iki həftəlik atəşkəsə çağırıb.
Digər tərəfdən, Donald Tramp İranla bağlı sərt açıqlamalarla çıxış edib. O, mediaya verdiyi müsahibədə mümkün hərbi əməliyyata işarə edərək konkret vaxt göstərib. Sosial şəbəkə hesabında isə baş verə biləcək hadisələrin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.
Qeyd edək ki, Tramp daha əvvəl İrana Hörmüz boğazını açmaq üçün vaxt vermiş, əks halda sərt addımlar atılacağını bəyan etmişdi.
MONETAR.AZ