Avropa Mərkəzi Bankının (AMB) oktyabr ayına aid toplantı protokollarında bildirilir ki, hazırkı borclanma xərcləri iqtisadi mənzərədə yarana biləcək mümkün şoklarla mübarizə aparmaq üçün kifayət qədər adekvat hesab olunur.
Sənəddə qeyd olunur ki, Avrozonaya dair əsas ssenarini dəyişə biləcək amillər arasında inflyasiya üzrə “həm yuxarı, həm də aşağı istiqamətli” risklər mövcuddur.
Protokollarda vurğulanır: “Pul siyasəti faizlərinin mövcud səviyyədə saxlanılması risk faktorlarını qiymətləndirmək üçün əlavə məlumat əldə etməyə imkan verəcək.” Eyni zamanda, faiz dərəcələrinin iqtisadiyyata təsir edə biləcək şokları idarə etmək üçün yetərli olduğu diqqətə çatdırılır.
İnflyasiya riskləri ilə bağlı müzakirələrin kifayət qədər canlı keçdiyi, baxışların isə getdikcə daha çox fərqləndiyi bildirilir. “Faiz dərəcələrinin hazırkı səviyyədə saxlanılması, İdarəetmə Şurasının nəzərdən keçirdiyi risklərin daha dəqiq qiymətləndirilməsinə şərait yaradacaq”, – deyə protokollarda qeyd olunur.
AMB-nin əksər siyasətçiləri inflyasiyanın 2 faizə yaxın qalması və Avrozonada iqtisadi bərpanın möhkəmlənməsi fonunda faiz dərəcələrinin hazırkı — 2 faiz — səviyyəsindən dəyişdirilməsinə ehtiyac görmürlər. İnvestorlar da depozit faizinin dekabrda sabit qalacağını gözləyir. Bununla yanaşı, yeni rüblük proqnozlar gələn il inflyasiyanın hədəfdən aşağı düşə biləcəyinə işarə edir.
Monetar.az