Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirlikləri investorları ilə birlikdə Eagle Hills adlı birgə şirkətin yaradıldığını elan edib. Bu şirkət Gürcüstanda ümumi dəyəri 6,6 milyard dollar olan iki yeni şəhərin tikintisi üzrə misilsiz layihəni həyata keçirəcək.
Kobaxidzenin sözlərinə görə Tbilisinin layihədəki payı üçdə bir olacaq. O qeyd edib ki, Gürcüstan tərəfi layihəyə yalnız ərazi təqdim etməklə qatılır və heç bir maliyyə öhdəliyi və ya zəmanət götürmür.
Layihənin 2026-cı ildə başlanacağı və 10 ilə tamamlanacağı bildirilir. Tikinti işləri ümumilikdə 850 hektar ərazini əhatə edəcək: bunun 600 hektarı Acarıstanda, 250 hektarı isə Tbilisidə yerləşəcək.
Baş nazir vurğulayıb ki, investor layihənin tam maliyyələşdirilməsini və idarəçiliyini öz üzərinə götürür. Tikinti dövründə 24 min, layihə tamamlandıqdan sonra isə 8 min daimi iş yerinin yaradılması gözlənilir.
Kobaxidze sentyabr ayında BƏƏ prezidenti Məhəmməd bin Zayid Əl Nəhayyanın Tbilisiyə səfərinin bu ölkənin Gürcüstana artan marağının göstəricisi olduğunu da qeyd etmişdi.
Monetar.az