1 milyard manatlıq müdaxilə

1 milyard manatlıq

Azərbaycanın valyuta bazarında aprel ayında diqqətçəkən və nadir rast gəlinən bir proses baş verdi. Azərbaycan Mərkəzi Bankı bazardan rekord həcmdə — təxminən 1 milyard ABŞ dolları alıb. Bu addım təkcə texniki müdaxilə deyil, həm də ölkədə formalaşan makroiqtisadi vəziyyətin mühüm indikatorudur.

Dollar bolluğu haradan qaynaqlanır?

Mövcud vəziyyətin əsas xüsusiyyəti bazarda təklifin tələbi üstələməsidir. Bunun arxasında bir neçə əsas faktor dayanır. İlk olaraq, enerji resurslarının ixracından əldə olunan yüksək gəlirlər ölkəyə böyük həcmdə valyuta axını yaradır. Bu isə cari əməliyyatlar balansında profisit formalaşdırır.

Digər tərəfdən, son dövrdə dedollarizasiya meyilləri müşahidə olunur. Əhali və biznes subyektləri daha çox milli valyutaya üstünlük verir. Lakin bu tendensiyanın tam sabit və geri dönməz olmadığı da nəzərə alınmalıdır - xarici şoklar və ya regional risklər artarsa, dollarlaşma yenidən güclənə bilər.

Eyni zamanda, daxili bazarda dollara tələb nisbətən zəifdir. İdxalın dinamikası və ümumi iqtisadi aktivlik mövcud valyuta təklifini tam “udmur”.

AMB niyə bazardan dollar alır?

Ənənəvi olaraq, mərkəzi banklar milli valyutanı qorumaq üçün valyuta satır. Lakin hazırkı vəziyyətdə proses əks istiqamətdə gedir. Əgər Azərbaycan Mərkəzi Bankı bazara müdaxilə etməsəydi, dolların artıqlığı manatın kəskin bahalaşmasına səbəb ola bilərdi. Bu isə qeyri-neft ixracının rəqabət qabiliyyətini zəiflədər, yerli istehsalçılar üçün əlavə çətinliklər yaradardı. Bu baxımdan, AMB bazardakı “artıq” valyutanı alaraq məzənnədə kəskin dalğalanmaların qarşısını alır və tarazlığı qoruyur.

Monetar təsir: gizli risklər varmı?

Bu cür iri həcmli valyuta alışlarının başqa bir tərəfi də var. Dolların alınması bazara manat kütləsinin daxil olması deməkdir. Bu isə inflyasiya təzyiqlərini artıra bilər. Məhz buna görə də Mərkəzi Bank paralel olaraq sterilizasiya alətlərindən istifadə etməlidir. Depozit hərracları, not emissiyası kimi mexanizmlər vasitəsilə artıq likvidlik bazardan geri çəkilir. Bu balans qorunmadığı halda, valyuta bazarındakı sabitlik qiymət sabitliyi hesabına əldə oluna bilər.

Aprel ayında AMB-nin valyuta ehtiyatları 1 milyard dollardan çox artıb. Bu artım həm bazardan alınan vəsait, həm də ehtiyatların idarə edilməsindən əldə olunan gəlirlərlə bağlıdır. Güclü valyuta ehtiyatları ölkə üçün mühüm “maliyyə qalxanı” rolunu oynayır. Xarici şoklar, enerji qiymətlərində dalğalanma və ya kapital axınlarında dəyişikliklər zamanı bu ehtiyatlar sabitliyi qorumağa imkan verir.

AMB-nin açıqlamasına görə, bazardan alınan vəsaitlər zərurət yaranarsa yenidən dövriyyəyə qaytarıla bilər. Bu isə tənzimləyiciyə çevik manevr imkanı verir. Lakin burada alternativ ssenarini də nəzərə almaq lazımdır. Əgər neft gəlirləri azalarsa, idxal artarsa və ya xarici balans pisləşərsə, bazarda dollar qıtlığı yarana bilər. Bu halda AMB topladığı ehtiyatları bazara çıxarmalı olacaq ki, bu da manat üzərində zəifləmə təzyiqi yarada bilər.

Yəni hazırkı “bolluq” vəziyyəti daimi deyil, daha çox dövri xarakter daşıyır.

MONETAR.AZ