BVF Kiyevdən çoxmilyonluq borcun qaytarılmasını tələb edib

BVF Kiyevdən çoxmilyonluq borcun

 Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynadan  kredit öhdəlikləri çərçivəsində 179,6 milyon ABŞ dolları məbləğində borcu geri qaytarmağı tələb edib. Bu barədə fondun rəsmi saytında məlumat yerləşdirilib.

BVF-nin ödəniş cədvəlinə əsasən, Ukrayna 125 milyon 737 min 500 xüsusi borclanma hüququ (SDR) həcmində vəsait ödəməlidir ki, bu da təxminən 179 milyon 648 min dollara bərabərdir.

Fondun hesablamalarına görə, Ukrayna 2026-cı ildə faizlər daxil olmaqla ümumilikdə 2 milyard SDR (təxminən 2,86 milyard dollar) məbləğində borc qaytarmalıdır. 2027-ci ildə bu göstərici 1,9 milyard dollar, 2028-ci ildə 1,4 milyard dollar, 2029-cu ildə 2,3 milyard dollar, 2030-cu ildə isə 2,28 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Qeyd olunur ki, Ukrayna 2023-cü ildə təsdiqlənmiş Genişləndirilmiş Kredit Mexanizmi (EFF) çərçivəsində indiyədək BVF-dən 11,45 milyard dollar vəsait alıb. Ümumi həcmi 15,6 milyard dollar olan mövcud kredit proqramı 2023–2027-ci illəri əhatə etsə də, Ukrayna hakimiyyəti artıq BVF-yə yeni proqramın hazırlanması ilə bağlı müraciət edib.

Ukrayna Milli Bankının 2025-ci ilin noyabrında açıqladığı hesablamalara əsasən, ölkənin dövlət borcu adambaşına 6 min 821 dollar təşkil edib. Ukraynanın ümumi borcu 191 milyard dollar həcmində qiymətləndirilir ki, bunun da 74,5 faizi və ya 142,3 milyard dolları xarici öhdəliklərin payına düşür.

Monetar.az