Dünyada adambaşına ən çox pivə istehlak edən ölkələrin siyahısı açıqlanıb. Çexiya bu göstərici üzrə 32-ci ildir ki, dünyada birinci yerdə qərarlaşıb.
Məlumata əsasən, Çexiyada adambaşına illik pivə istehlakı 148,8 litr təşkil edir. Bu, orta hesabla bir nəfərin ildə təxminən 419 standart şüşə pivə içməsi deməkdir. Son iki ildə istehlakda müəyyən azalma müşahidə olunsa da, ölkə liderliyini qoruyub saxlayır.
Reytinqdə ikinci yeri Litva (110,6 litr), üçüncü yeri isə Avstriya (104,6 litr) tutur. İlk beşliyə, həmçinin İrlandiya (99 litr) və Xorvatiya (95,1 litr) daxildir. Siyahıda Avropa ölkələri üstünlük təşkil edir – ilk 35 ölkənin 25-i Avropa qitəsində yerləşir.
Mütəxəssislər pivə istehlakının yüksək olduğu ölkələrdə bu içkinin mədəni ənənələrlə, sosial həyatla və yerli istehsalla sıx bağlı olduğunu bildirirlər. Digər tərəfdən, əhalinin yaşlanması və gənclər arasında alkoqol istifadəsinin azalması bəzi ölkələrdə istehlakın enməsinə səbəb olur.
Qeyd edək ki, adambaşına istehlakda ön sıralarda olmasa da, ümumi həcminə görə Çin dünyanın ən böyük pivə bazarıdır. 2024-cü ildə bu ölkədə 40,5 milyard litr pivə istehlak edilib ki, bu da qlobal istehlakın təxminən 21 faizinə bərabərdir. ABŞ isə 22,3 milyard litr göstərici ilə ikinci yerdədir.
Məlumatlar göstərir ki, pivə dünya üzrə ən çox istehlak edilən alkoqollu içkilərdən biri olaraq qalır və istehlak göstəriciləri ölkələrin mədəni, iqtisadi və demoqrafik xüsusiyyətlərini əks etdirir.
Monetar.az