ABŞ-da büdcə kəsiri 145 milyard dollar olub

ABŞ-da büdcə kəsiri

ABŞ Maliyyə Nazirliyi dekabr ayına dair büdcə balansı hesabatını açıqlayıb.

Hesabata əsasən, 1 oktyabr 2025-ci ildə başlayan və 30 sentyabr 2026-cı ildə başa çatacaq 2026 maliyyə ilinin üçüncü ayında federal hökumətin büdcə kəsiri 145 milyard ABŞ dolları təşkil edib.

Federal hökumət ötən ilin dekabr ayında 86,7 milyard dollarlıq büdcə kəsiri vermişdi. Beləliklə, dekabr ayında büdcə kəsiri illik müqayisədə 67 faiz artıb. Bu dövr üçün bazar gözləntiləri isə 152,5 milyard dollarlıq kəsir olacağı istiqamətində idi.

Dekabr ayında hökumətin gəlirləri illik bazada 6,6 faiz artaraq 484,4 milyard dollara çatıb. Xərclər isə eyni dövrdə 16,3 faiz artaraq 629,1 milyard dollar olub.

2026 maliyyə ilinin ilk üç ayında ümumi büdcə kəsiri illik müqayisədə 15 faiz azalaraq 602 milyard dollar səviyyəsində qeydə alınıb.

Hesabatda bildirilir ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi gömrük tariflərindən əldə olunan gəlirlərdə artım tempi zəifləyə bilər. Dekabr ayında xalis gömrük gəlirləri 27,9 milyard dollar olub.

Bu göstərici əvvəlki aylarda qeydə alınan 30 milyard dollardan yuxarı səviyyələrin altında qalsa da, 2024-cü ilin dekabrında qeydə alınan 6,8 milyard dollardan xeyli yüksək olub.

2026 maliyyə ilinin ilk üç ayında xalis gömrük gəlirləri 90 milyard dollara çatıb. Bu rəqəm ötən ilin eyni dövründəki 20,8 milyard dollarla müqayisədə ciddi artımdır.

Monetar.az