Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan “Təmiz Şəhər” ASC-də təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə 2024-cü ildə aparılmış səmərəlilik auditi zamanı aşkar edilmiş bir sıra nöqsanlar indiyədək aradan qaldırılmayıb.
Bu barədə Hesablama Palatasının hesabatında qeyd olunub.
Auditin nəticələrinə əsasən, təhlükəsiz tullantıların hərəkətində hüquqi tənzimləmənin və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tətbiq edilmiş inzibati cərimələr üzrə 2024-cü ilin əvvəlinə formalaşmış 978,6 min manat məbləğində debitor borcun ödənilməsi üçün təsirli tədbirlər görülməyib.
Bununla yanaşı, ASC-nin fəaliyyətə başladığı dövrdən 1 yanvar 2024-cü ilədək olan maliyyə əməliyyatları nəzərə alınmaqla nizamnamə kapitalının 126,6 milyon manat artırılaraq 135,7 milyon manata çatdırılması prosesi də tamamlanmayıb.
Hesabatda qeyd olunur ki, 2021, 2022 və 2023-cü illər üzrə maliyyə hesabatlarının tərtib edilərək aidiyyəti üzrə təqdim edilməsi və dərc olunması da təmin edilməyib.
Audit zamanı dövlət əmlakının uçotunda da nöqsanlar aşkar edilib. Belə ki, uzunmüddətli aktivlər üzrə kapitallaşdırma və amortizasiya məbləğlərinin ayrı-ayrılıqda uçota alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl olunmayıb.
Sənəddə Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı birliklərinin 2021–2023-cü illər üzrə maliyyə hesabatlarının təqdim və dərc edilmədiyi də qeyd edilib.
Bundan əlavə, Sumqayıt şəhərində “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC-yə məxsus 110 hektar ərazidə yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunun kənar hüquqi şəxslərin istifadəsinə verilməsi nəticəsində iqtisadi səmərənin itirildiyi, lakin bu prosesin hüquqi aktların tələblərinə uyğunlaşdırılmadığı bildirilib.
Audit sənədlərində, həmçinin dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış uzunmüddətli aktivlər, o cümlədən yükdaşıyan nəqliyyat vasitələri üzrə amortizasiya xərclərinin illik normasının 40 faizədək məhdudlaşdırılması və nizamnamə kapitallarının uyğunlaşdırılması ilə bağlı tədbirlərin də 2024-cü ildə aparılmış yoxlamaya baxmayaraq icra edilmədiyi vurğulanır.
Qeyd olunan bütün nöqsanlar üzrə qəbul edilmiş qərarların icrası hazırda izlənilmə mərhələsindədir.
MONETAR.AZ