İranda “qanunsuz” Starlink avadanlığı ələ keçirilib

İranda “qanunsuz”

İranın xüsusi xidmət orqanları sərhəd bölgəsində Starlink peyk rabitə sisteminə aid iri həcmli avadanlıq partiyasının ələ keçirildiyini açıqlayıb. Rəsmi qurumların bildirdiyinə görə, sözügedən yüklər İran ərazisində “casusluq və təxribat fəaliyyəti” məqsədilə istifadə olunmalı idi. Bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, İran hakimiyyətinin Starlink sisteminin siqnallarını bloklamaq cəhdlərinə baxmayaraq, bəzi İran vətəndaşları bu peyk rabitə xidmətindən internetə çıxış üçün istifadə edir. Qeyd edək ki, Starlink-in İranda istifadəsi rəsmi şəkildə qadağandır.

Yanvarın 13-də İran dövlət televiziyası avadanlıqların qonşu ölkələrdən birindən “qanunsuz şəkildə ölkəyə gətirildiyini” bildirib. Müsadirə edilən yüklər arasında uzunməsafəli 100 qəbuledici, 50 BTS siqnal gücləndiricisi, müxtəlif istehsalçılara məxsus 743 ədəd 5G modem və son nəsil 799 mobil cihazın olduğu qeyd edilib.

Bəyanatla müşayiət olunan videomaterialda elektron avadanlıqlarla dolu qutular nümayiş etdirilib. Rəsmi qurumlar hadisə ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıblar.

Monetar.az