Tramp FED-in rəhbəri postuna BlackRock-un top-menecerini nəzərdən keçirir

Tramp FED-in rəhbəri postuna BlackRock-un top-menecerini

ABŞ prezidenti Donald Tramp bu həftə BlackRock şirkətinin qlobal istiqrazlar üzrə baş investisiya direktoru Rik Riderlə ABŞ Federal Ehtiyat Sisteminin (FES) yeni sədri vəzifəsi üçün müsahibə keçirəcək. Bu barədə Fox Business məlumatlı mənbələrə istinadən xəbər verir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, müsahibə yanvarın 15-də, cümə axşamı Ağ Evdə baş tutacaq. Görüşdə Trampın özü, Ağ Evin aparat rəhbəri Syuzi Uayls, maliyyə naziri Skott Bessent və aparat rəhbərinin müavini Den Skavino iştirak edəcək.

Fox Business yazır ki, bu, hazırkı FES sədri Cerom Pauellin əvəzlənməsi ilə bağlı namizəd seçimi çərçivəsində dördüncü və sonuncu müsahibə olacaq. Pauellin səlahiyyət müddəti 15 mayda başa çatır. O, 2017-ci ildə Tramp tərəfindən FES sədri postuna namizəd göstərilib və 2018-ci ildə Senat tərəfindən təsdiqlənib.

Nəşr xatırladır ki, Riderdən başqa, final mərhələsinə keçən namizədlər arasında FES-in idarəedicilər şurasının sabiq üzvü Kevin Uorş, Milli İqtisadi Şuranın direktoru Kevin Hasset və hazırda FES-in idarəedicilər şurasının üzvü olan Kristofer Uoller də var.

Tramp daha əvvəl qərarını yanvar ayında açıqlamaq niyyətində olduğunu bildirmişdi. Əgər seçim FES-in idarəedicilər şurasına daxil olmayan namizədin üzərinə düşərsə, həmin şəxs tənzimləyici qurumun rəhbərliyindəki vakant yerlərdən birini tutmalıdır. Belə imkan yanvarın 31-dən sonra yarana bilər, çünki həmin tarixdə Stiven Miranın səlahiyyət müddəti başa çatır. Miran sentyabr ayında Adriana Kuqlerin gedişindən sonra boşalan vəzifəyə and içmişdi.

Bundan əvvəl Cerom Pauell mümkün varislərlə bağlı şərh verməkdən imtina edərək vurğulamışdı ki, FES-in növbəti sədrinin təyin edilməsi məsələsi yalnız ABŞ prezidentinin səlahiyyətinə daxildir.

Bazar ertəsi, yanvarın 12-də məlum olub ki, ABŞ federal prokurorları Pauell barəsində cinayət istintaqına başlayıblar. İstintaq tənzimləyici qurumun 2,5 milyard dollar dəyərində olan baş qərargahının yenidən qurulması və Pauellin bu layihə ilə bağlı Konqresdə verdiyi ifadələrlə əlaqəlidir.

Pauell bildirib ki, istintaq Donald Tramp administrasiyasının faiz dərəcələrinin azaldılması tempindən və miqyasından narazılığı fonunda göstərilən təzyiqlərin nəticəsidir. Onun sözlərinə görə, cinayət təqibi ilə bağlı hədələr FES-in pul-kredit siyasətini siyasi üstünlüklərə deyil, iqtisadi şərtlərə əsaslanaraq aparmaq cəhdlərinə cavab olaraq ortaya çıxır.

FES-in rəhbəri həmçinin xəbərdarlıq edib ki, istintaqın nəticəsi mərkəzi bankın müstəqilliyinin gələcəyinə təsir göstərə bilər. O vurğulayıb ki, Federal Ehtiyat Sistemi qərarlarını siyasi təzyiq və ya hədə-qorxu əsasında deyil, faktlara və makroiqtisadi məlumatlara əsaslanaraq qəbul etməlidir. Bu açıqlamalar fonunda ABŞ fond indeksləri üzrə fyuçerslər enişə keçib.

MONETAR.AZ