Kredit kartlarından düzgün istifadə qaydaları

Kredit kartlarından

Kredit kartları maliyyə dəstəyi versə də düzgün istifadə olunmadıqda borclanma riskini artırır. Mütəxəssislər kredit kartlarından ağıllı istifadə etməyin yollarını və mümkün risklərin azaldılmasını tövsiyə ediblər.

Bildirilib ki, kredit kartı bankın müəyyən etdiyi limit çərçivəsində borc vəsaitindən istifadə imkanı yaradır. Əksər kartlarda güzəşt müddəti (qreys-period) mövcuddur. Bu müddətdə borc vaxtında ödənilərsə, faiz tutulmur. Minimum ödənişin gecikdirilməsi isə əlavə faiz və cərimələrə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, kredit kartlarının əsas üstünlükləri rahat ödəniş imkanı, faizsiz dövr və keşbek kimi bonuslardır. Eyni zamanda, nağd pul çıxarılması və köçürmələr zamanı komissiyalar tətbiq oluna, faizlər dərhal hesablana bilər.

Qeyd olunub ki, kredit kartından intizamlı istifadə kredit tarixçəsini yaxşılaşdıra bilər. Bunun üçün ödənişlər vaxtında edilməli, borc qreys-period bitməzdən əvvəl bağlanmalı, kartların sayı məqbul səviyyədə saxlanılmalıdır.

Ekspertlər xərclərə nəzarət etməyi, tətbiqlərdə limitlər təyin etməyi, çıxarışları mütəmadi yoxlamağı tövsiyə edirlər. Ümumi kredit yükünün aylıq gəlirin 30–50 faizini keçməməsi məsləhət görülür.

Təhlükəsizlik baxımından PİN və təhlükəsizlik kodlarının məxfiliyi qorunmalı, şübhəli linklərdən və saytlarından istifadə edilməməlidir. Kart məlumatları sızdığı halda dərhal bankla əlaqə saxlanılmalıdır.

Mütəxəssislər vurğulayırlar ki, kredit kartı düzgün planlama ilə faydalı maliyyə alətinə çevrilə bilər, əks halda borc tələsinə düşmək riski yaradır.

Monetar.az