Dünyada ən çox pivə istehlak edən ölkələr açıqlanıb

Dünyada ən çox pivə istehlak edən

Dünyada pivə istehlakının həcmi 194 milyard litrə çatıb. Kirin Holdings şirkətinin  hazırladığı reytinqə görə Çin ümumi pivə istehlakına görə dünyada birinci yerdə qərarlaşıb.

Məlumata əsasən, Çində ötən il 40,5 milyard litr pivə istehlak olunub. Bu göstərici qlobal pivə istehlakının təxminən 21 faizinə bərabərdir. Bununla belə, ölkədə pivə istehlakı əvvəlki illə müqayisədə 3,7 faiz azalıb.

Reytinqdə ikinci yeri ABŞ tutur. Bu ölkədə 2024-cü ildə 22,3 milyard litr pivə istehlak edilib ki, bu da dünya üzrə ümumi həcmin 11,5 faizini təşkil edir. ABŞ-da da pivə istehlakında 0,5 faiz azalma qeydə alınıb.

İlk beşliyə, həmçinin Braziliya (15,3 milyard litr), Meksika (10,8 milyard litr) və Rusiya (9,5 milyard litr) daxildir. Mütəxəssislər Meksika və Rusiyada pivə istehlakının müvafiq olaraq 5,4 və 9 faiz artmasını diqqətəlayiq hesab edirlər.

Hindistan isə istehlak artım tempinə görə seçilib. Bu ölkədə pivə istehlakı bir il ərzində 14,6 faiz artaraq 3,4 milyard litr təşkil edib. Artım əhalinin gəlirlərinin yüksəlməsi və gənclər arasında pivəyə marağın artması ilə izah olunur.

Avropa ölkələrində isə mənzərə qarışıqdır. Almaniyada pivə istehlakı 2,2 faiz azalaraq 7,2 milyard litr olub. Böyük Britaniya, İtaliya və Rumıniyada isə cüzi artım müşahidə edilib.

Qeyd olunur ki, adambaşına istehlak göstəriciləri yüksək olan ölkələrlə müqayisədə ümumi istehlak həcmləri daha çox əhalinin sayı, iqtisadi inkişaf və bazar ölçüsü ilə bağlıdır. Buna baxmayaraq, pivə dünyada ən geniş yayılmış alkoqollu içkilərdən biri olaraq qalır.

Monetar.az