Azərbaycanda elektrik nəqliyyatının lokallaşdırılması istiqamətində yeni mərhələyə keçilib. Artıq Bakının və ölkənin digər şəhərlərinin küçələrində hərəkət edən elektrik avtobuslarının bir hissəsi Sumqayıt Sənaye Parkında yığılır.
İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidenti “BYD Azerbaijan Energy Automotive Factory” MMC tərəfindən elektrik mühərrikli avtobusların yığımı həyata keçirilir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, layihə Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb. Müəssisəyə yatırılan investisiyanın həcmi 29 milyon manatdan çoxdur. Zavodda gələcəkdə 600 nəfərin işlə təmin edilməsi, illik istehsal gücünün isə 250-300 elektrik avtobusu olması nəzərdə tutulur.
Hazırda müəssisədə ilkin mərhələdə 12 metr uzunluğunda “BYD K9UD” model elektrik avtobuslarının yığımı aparılır. 82 sərnişin tutumuna malik avtobuslar tam şarj olunduqdan sonra 350 kilometrədək məsafə qət edə bilir.
Sumqayıtda qurulan istehsal xəttinin fəaliyyəti artıq yerli bazarda da özünü göstərir. Belə ki, 2025-ci ildə “BakuBus” MMC ilə elektrik avtobuslarının tədarükü üzrə 16 milyon 675 min manat dəyərində müqavilə imzalanıb.
Bundan başqa, 2026-cı ilin avqustunda Naxçıvan şəhərində istifadəyə verilən 60 ədəd “BYD” markalı elektrik avtobusu da məhz Sumqayıt Sənaye Parkında yığılıb.
Müəssisənin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanda elektrik nəqliyyat vasitələrinin yerli istehsal imkanlarının genişləndirilməsidir. Layihə həmçinin müasir texnologiyaların ölkəyə gətirilməsi, sənaye potensialının artırılması və nəqliyyat vasitələrinin istehsalında lokallaşdırma səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Beləliklə, əvvəllər əsasən idxal hesabına təmin edilən elektrik avtobuslarının bir hissəsinin artıq Azərbaycanda yığılması ölkənin nəqliyyat sənayesində yeni istehsal istiqamətinin formalaşdığını göstərir.