Köhnə neft tankerlərinin qiyməti yeni gəmilərin dəyərini üstələyib

Köhnə neft tankerlərinin qiyməti yeni gəmilərin

Broker qeydlərində ilk dəfə köhnə süpertankerlərin qiyməti yeni tikilmiş gəmilərin orta dəyərini üstələyib. Gəmi sahibləri Fars körfəzində rekord həddə yüksələn fraxt dərəcələrindən yararlanmağa tələsərkən, köhnə neft tankerlərinə tələbat kəskin artıb.

Brokerlərin məlumatına görə, ötən həftə 2016-cı ildən əvvəl inşa edilmiş bir neçə tanker 150 milyon dollardan baha qiymətə satılıb. Müqayisə üçün, yeni tikilmiş gəmilərin orta qiyməti hazırda təxminən 135 milyon dollar təşkil edir.

Yaxın Şərq-Asiya marşrutunda çox böyük tutumlu neft tankerləri (VLCC) üzrə gündəlik fraxt dərəcələrinin 1,2 milyon dollara qədər yüksəlməsi gəmi qiymətlərinə də ciddi təsir göstərib. Beş və on illik tankerlərin dəyəri sürətlə artır, alqı-satqı əməliyyatları isə həftələrlə deyil, bir neçə gün ərzində tamamlanır. Bazar iştirakçıları ilk əlçatan gəmiləri əldə etmək üçün rəqabət aparırlar.

Gəmiçilik brokeri “Braemar” müştərilərinə bildirib ki, hazırda tanker qiymətlərini müəyyən edən əsas amillərdən biri gəminin yeni sahibinə nə qədər tez təhvil verilə bilməsidir.

Gəmi mülkiyyəti ilə bağlı məlumatlara əsasən, yunan milyarderi Corc Prokopunun “Dynacom” şirkətinə məxsus yeni tikilmiş tanker dərhal təhvil şərtilə 200 milyon dollara satılıb. Bu, tanker bazarında indiyədək qeydə alınan ən yüksək qiymətlərdən biri hesab olunur. Təhvilinin oktyabr ayında həyata keçirilməsi planlaşdırılan başqa bir tanker isə 169 milyon dollara satılıb.

Ümumilikdə neft tankerlərinin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üçdə bir artıb.

Tanker bazarında tələbatın əsas mənbələrindən biri Yaxın Şərq ölkələrinin dövlət neft şirkətlərinin öz donanmalarını genişləndirmək cəhdləridir. Bu addım həmin ölkələrə Fars körfəzindən həyata keçirilən neft ixracına daha çox nəzarət imkanı verə bilər.

Gəmiçilik brokerlərinin məlumatına görə, bazarda Küveytin milli neft şirkəti, eləcə də İraq neftinin daşınması üçün tanker axtaran alıcılar aktivdir.

Dənizçilik üzrə konsaltinq şirkəti “Drewry”nin məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin dövlət enerji şirkəti “Adnoc” son iki ay ərzində ən azı altı süpertanker əldə edib.

Fars körfəzi ölkələri tanker bazarında ilin əvvəlində təxminən 6 milyard dollar dəyərində tonnaj alan və bu sahədə əsas alıcılardan birinə çevrilən Cənubi Koreyanın “Sinokor” şirkəti ilə rəqabət aparırlar.

Treyderlər də tanker alışlarını artırıblar. Xüsusilə ötən həftə süpertanker biznesinin listinqə çıxarılacağını açıqlayan “Trafigura” şirkəti bu il bir neçə süpertanker əldə edib.

Şirkətlərin tanker donanmalarını genişləndirməkdə əsas məqsədlərindən biri neft axınları üzərində daha çox nəzarət əldə etmək və yüksək fraxt dərəcələri fonunda marja gəlirliliyini qorumaqdır.

MONETAR.AZ