4 İyun: Dünya zorakılıq qurbanı olan uşaqların müdafiəsinə diqqət çəkir

4 İyun: Dünya zorakılıq qurbanı olan

Hər il iyunun 4-də dünyada Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur. Bu gün fiziki, əqli və emosional zorakılığın qurbanı olmuş uşaqların çəkdiyi əzabları xatırlatmaq, onların hüquqlarının qorunmasına diqqəti artırmaq məqsədi daşıyır.

Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilk dəfə 1982-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilib. Günün təsis edilməsində əsas məqsəd silahlı münaqişələrin uşaqlara vurduğu zərərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması olub.

Bu tarix müharibə və münaqişələr zamanı uşaqların müdafiəsinin vacibliyini, onların istismar və zorakılıqdan qorunmasının zəruriliyini bir daha gündəmə gətirir. Eyni zamanda, gün 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasının prinsiplərinin təşviqi və uşaqların fundamental hüquqlarının müdafiəsi istiqamətində görülən işlərin genişləndirilməsi üçün mühüm platforma hesab olunur.

Dünyanın müxtəlif ölkələrində bu münasibətlə maarifləndirici tədbirlər, kampaniyalar və ictimai aksiyalar keçirilir. UNICEF və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlar uşaqlara qarşı zorakılığın qarşısının alınması və onların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyətlərini bu gün xüsusi olaraq diqqət mərkəzində saxlayırlar.

MONETAR.AZ