Bakı türk dünyasının mərkəzi bank rəhbərlərini bir araya gətirəcək

Bakı türk dünyasının mərkəzi bank rəhbərlərini

İyunun 4-5-də Bakı şəhəri “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısına ev sahibliyi edəcək.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, tədbirdə Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Türkiyənin mərkəzi banklarının rəhbər heyətləri iştirak edəcəklər. Həmçinin Macarıstan və Şimali Kipr Türk Respublikasının mərkəzi bank nümayəndələri müşahidəçi qismində toplantıya qatılacaqlar. Türk Dövlətləri Təşkilatının Baş katibinin də tədbirdə iştirakı nəzərdə tutulur.

Toplantı çərçivəsində qlobal iqtisadi çağırışlar fonunda makroiqtisadi və maliyyə sabitliyinin qorunması, monetar siyasətin effektivliyinin artırılması, eləcə də rəqəmsal transformasiya dövründə maliyyə texnologiyalarının inkişafı ilə bağlı məsələlər müzakirə ediləcək.

Bununla yanaşı, “Mərkəzi bankların ortamüddətli dövrdə qlobal və regional risklərə qarşı monetar və maliyyə siyasəti tədbirləri” və “Maliyyə texnologiyaları daxil olmaqla rəqəmsal maliyyə ekosistemlərinin inkişafı” mövzularında təqdimatlar keçiriləcək, fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, 2024-cü ildə yaradılan Şuranın ilk toplantısı ötən il Qazaxıstanın Astana şəhərində baş tutub. Şuranın əsas məqsədi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə məsləhətləşmələrin və tədqiqatların təşviq edilməsidir.

MONETAR.AZ